“Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı nəşr olunub

“Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı nəşr olunub Xalq yazıçısı, akademik Kamal Abdulla, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev və professor Ziya Səlcuqun müəllifi olduğu “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı çap olunub. Kitab "Qanun" nəşriyyatı tərəfindən işıq üzü görüb.

Nəşrdə qeyri-səlis məntiq anlayışları uşaqlar üçün sadə və anlaşılan formada təqdim edilir. Kitabda mövzular məktəb mühiti üzərindən izah olunur və qeyri-səlis məntiqin gündəlik həyatda, süni intellekt sahəsində və digər elm sahələrində tətbiq imkanlarına yer verilir.

Kitabın məzmununa qeyri-səlis məntiqin əsas anlayışları, qeyri-səlis çoxluqlar və münasibətlər, epistemik yanaşmalar, həmçinin bu məntiq növünün tədrisdə və praktik sahələrdə istifadəsi ilə bağlı mövzular daxildir. Nəşrdə nəzəri məsələlərlə yanaşı, mövzuların qavranılmasını asanlaşdıran izah və nümunələrə də yer ayrılıb.

Kitabın ön sözündə qeyd olunub:

"Kitab qeyri-səlis məntiqin banisi, dahi Azərbaycan-amerikan alimi Lütfi Zadənin arzusunu həyata keçirmək məqsədini güdür. Görkəmli alim bu nəzəriyyənin ən ümumi şəkildə məktəblərdə tədrisini arzu edirdi. Müəlliflər xəyali məktəbdə, xəyali sinif şagirdlərinin qeyri-səlis məntiq fənnini necə mənimsəmələrindən bəhs edir. Bu proses çətin və dolambaclı yollardan keçir. Nəhayətdə, oxucu şagirdlərin bu fənni sevdiklərinin şahidi olur. Qeyri-səlis məntiqin demokratiya prosesi ilə bağlı, süni intellekt sahəsində və bir çox başqa istiqamətlərdə özünü göstərən prinsipləri, müasir həyatımızda tutduğu yer, müxtəlif elm sahələrinə tətbiq mümkünlüyü və perspektivləri təkcə orta məktəb şagirdləri üçün deyil, həm də ayrı-ayrı elm sahələrində çalışan mütəxəssislər üçün maraqlı olacaq. Bu mənada kitabı oxuyanlar üçün yaş məhdudiyyəti yoxdur".

Tehsil-press.az

Oxşar xəbərlər