Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə son açıqlamasında Kamran Əsədovun ali təhsil müəssisələrində fəaliyyəti ilə bağlı narahatlığını ifadə edib.O bildirib ki, istintaq aparılarkən işin arxasında kimlərin dayandığı barədə məlumatın olmaması prosesi izləyənlər üçün sürpriz olub.
“Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında Kamran Əsədovun adının keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi,” – Məleykə Abbaszadə qeyd edib.
O əlavə edib ki, cəmi bir həftə əvvəl Əsədov rəsmi tədbirdə rektorlarla mehriban söhbət edirdi, halbuki o, artıq ittiham aktından xəbərdar idi. Bu faktın özü rəsmi və təhsil qurumlarının bu cür hallara nəzarətində boşluqları göstərir. Abbaszadə vurğulayıb ki, əlavə təhlillər aparılacaq və yeni saxtakarlıq halları aşkar edilərsə, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə dair hüquqdan istifadə olunacaq.
Məleykə Abbaszadə qeyd edib ki, qanun çərçivəsində bütün addımlar atılacaq.
Məsələ ilə bağlı danışan hüquqşünas Kamran Rzayev qeyd edib ki, saxtakarlıq ittihamı olan şəxslərin dövlət və təhsil müəssisələrində çalışması qanunvericiliyə ziddir.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi müəyyən hallarda saxta sənədlərin hazırlanması, təhsil saxtakarlıqları və dələduzluq əməllərini nəzərdə tutur.
Əgər bir şəxs ittiham aktı ilə adı çəkilirsə, onun ali məktəblərdə fəaliyyət göstərməsi həm qanuni, həm də etik baxımdan problem yaradır.
Bu halda təhsil müəssisələrinin rəhbərliyi və dövlət orqanları mövcud hüquqi səlahiyyətlərini tətbiq etməli və ictimaiyyətə şəffaf məlumat verməlidir”.
Saytımıza danışan təhsil eksperti Elmira Məmmədovanın sözlərinə görə, belə halların ali təhsil sistemində olması təhsil keyfiyyətinə və ictimai etimadın azalmasına səbəb olur:
“Ali məktəblər nüfuzlu və şəffaf olmalıdır. Əgər saxta fəaliyyətə görə cərimələnmiş və ya ittiham aktı olan şəxslər burada işləyirsə, bu, gənc kadrlar üçün mənəvi nümunə kimi qəbul olunur və təhsil mühitinə zərbə vurur. Təhsil qurumları həm də bu halların qarşısını almaq üçün daxili yoxlamaları gücləndirməli, istintaqla əməkdaşlıq etməlidir”.
Tehsil-press.az







