BDU-nun Hüquq fakültəsinin tələbələri məktəblilər üçün təlim keçiblər

BDU-nun Hüquq fakültəsinin tələbələri məktəblilər üçün təlim keçiblər Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən “Tələbədən məktəbliyə” layihəsi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti hüquqi maarifləndirici təlim Akademik Zərifə Əliyeva adına liseydə keçirilib.

Təlim zamanı BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə tələbələr tərəfindən hazırlanmış “Əsas qanunun işığında – Konstitusiya” adlı kitabçanın təqdimatı da olub.

Təlimçi qismində Hüquq fakültəsinin III kurs tələbələri Vaqif Xəlil, Hökumə Məlikli və Tofiq İbadzadə çıxış edərək məktəblilərlə hüquq, qanun, Konstitusiya, hüquq və vəzifələr mövzularında fikir mübadiləsi aparıblar.

Təlim çərçivəsində Vaqif Xəlil hüququn mahiyyəti, dövlət hakimiyyətinin qolları, hakimiyyət orqanlarının səlahiyyətləri, məhkəmə instansiyaları və qanunvericilik prosesi barədə məlumat verib. Tofiq İbadzadə yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti mövzusuna toxunaraq Cinayət Məcəlləsi, cinayətin subyekti anlayışı, eləcə də yetkinlik yaşına çatmayanlara tətbiq olunan cəza və tərbiyəvi tədbirlər haqqında danışıb. Hökumə Məlikli isə məişət zorakılığı mövzusunda maarifləndirici çıxış edərək bu anlayışın növləri, subyektləri, araşdırılma mexanizmləri, sanksiya tədbirləri və qarşısının alınması yolları barədə iştirakçıları məlumatlandırıb.

Müzakirələrdə fəal olan iştirakçılar sonda sertifikatlarla təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər