Hesabat iclasını giriş nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq 2025-ci ildə universitet həyatında baş verən əlamətdar hadisələri, yenilikləri, əldə olunan əsas uğurları və aparılan islahatları diqqətə çatdırıb. Rektor çıxışında beynəlmiləlləşmə və institusional inkişaf istiqamətində görülən işlərə də nəzər salıb, həmçinin növbəti il üçün müəyyənləşdirilmiş strateji hədəflər və prioritetlər haqqında məlumat verib. Səadət Əliyeva universitet kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə təbrik edib, universitetin əldə etdiyi bütün uğurlarda hər bir əməkdaşın rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Ardınca Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyevanın hesabatı dinlənilib. Hesabat məruzəsi universitetin beynəlxalq reytinqlərdəki və elmmetrik bazalardakı mövqeyi, hesabat ilində keçirilən elmi konfrans və tədbirlər, elmi jurnalların fəaliyyəti, universitet əməkdaşlarının çap olunan monoqrafiya, dərslik və dərs vəsaitləri, beynəlxalq elmi əməkdaşlıq kimi mövzuları əhatə edib.
Lətifə Ağamalıyeva qeyd edib ki, Azərbaycan Universiteti beynəlxalq akademik mühitdə fəallığını qoruyub saxlayıb, beynəlxalq reytinqlərdə yer almağa və irəliləməyə davam edib. Azərbaycan 2025-ci ildə ilk dəfə dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi”ndə (Shanghai Ranking) riyaziyyat fənni üzrə iki universitetlə təmsil olunub. Azərbaycan Universiteti reytinqdə 301-400-cü pillələr arasında yer alıb ki, bu ölkə üzrə ən yüksək göstəricidir. Digər yandan universitet dünyanın nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi və reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib. Universitetin fəaliyyətinin 4 ulduzla qiymətləndirildiyini təsdiq edən sertifikatı QS təşkilatının prezidenti və idarə heyətinin sədri Nunzio Quacquarelli Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025”də (QS Eurasia Forum 2025) rektor Səadət Əliyevaya təqdim edib.
Azərbaycan Universiteti cari təqvim ilində “ScholarGPS®” qlobal reytinqində və “Round University Ranking” (RUR) reytinqlərində ön sıralarda yer alıb. Universitet “ScholarGPS®” qlobal platformasında ölkəni təmsil edən 3 ali təhsil müəssisəsindən biridir və ikinci yerdə qərarlaşıb. RUR reytinqindəki ümumi göstəricilərə əsasən isə ölkə üzrə 4-cü yerdədir və ötənilki mövqeyini qorumağa davam edir.
Elmi hesabat məruzəsində universitetin elmmetrik bazalardaki göstəriciləri haqqında da ətraflı məlumat verilib. Qeyd edilib ki, WEB of Science bazası üzrə Azərbaycan Universitetinin Hirş indeksi 39-a, Scopus bazası üzrə isə 42-yə çatıb. Universitet bu göstəricilər üzrə ölkə universitetləri arasında 5-cidir.
Lətifə Ağamalıyeva məruzəsində bildirib ki, hesabat ilində Azərbaycan Universitetində 2 beynəlxalq və 1 respublika səviyyəli elmi konfrans keçirilib. Elmi Şura qərarı ilə magistrant və doktorantlar üçün nəzərdə tutulan “Paradigma” elmi jurnalı təsis edilib. “Social Issues” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib, həmçinin Prezident yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasinda dissertasiyalarin əsas nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin fəlsəfə və sosiologiya elmləri üzrə siyahısına daxil edilib. Hesabat ilində universitetin professor və müəllimləri 150-dən artıq xarici universitetin əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparıb və bu tədqiqat işlərinin nəticəsi olaraq birgə elmi məqalələr dərc etdiriblər.
Hesabat məruzəsində qeyd olunub ki, Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına; rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski bu universitetin fəxri doktoru adına layiq görülüblər. Nüşabə Quliyeva həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının “Gənclərin təhsilində uğura görə” medalı ilə təltif olunub. İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev ICPC Fondu tərəfindən “ICPC Qlobal İcması ilə Nümunəvi Əlaqə” mükafatına layiq görülüb.
İclasın sonunda Elm şöbəsinin hesabatı yekdilliklə qəbul olunub və hesabat ili ərzində elmi nailiyyətləri ilə fərqlənən kafedra və universitet əməkdaşları təltif olunub. Siyasi və ictimai elmlər kafedrası əməkdaşlarının yüksək elmi fəaliyyət göstəricilərinə görə “İlin kafedrası” elan olunub.
Tehsil-press.az






