UNEC 2018/2019-cu tədris ilini elmi nailiyyətlərlə başa vurub

UNEC 2018/2019-cu tədris ilini elmi nailiyyətlərlə başa vurub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi şuranın 2018/2019-cu tədris ili üzrə iclası keçirilib.
Universitetin rektoru, professor Ədalət Muradov 2018/2019-cu tədris ilində əldə olunan elmi nailiyyətlərdən danışıb. Rektor bildirib ki, UNEC-in tədqiqatyönümlü universitet statusu alması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. Beynəlxalq reytinq agentliklərinin sıralamasında universitetin elmi fəaliyyətlə bağlı mövqeyi daha da yüksəlib. Müəllimlərin “Web of Science” və “Scopus”da dərc olunan məqalələrinin sayı sürətlə artır. Rektor müəllimlərlə yanaşı, tələbə, magistr və doktorantların da bu istiqamətdə elmi potensialından istifadə olunmasının əhəmiyyətini vurğulayıb.
Sonra elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov “2018-ci ildə UNEC-in elmi fəaliyyəti haqqında” hesabatla çıxış edib. Hesabatda cari ildə UNEC-də həyata keçirilən elmi-tədqiqat işləri, respublika daxili və beynəlxalq qrant layihələri, beynəlxalq və ümumrespublika səviyyəli elmi konfranslar, eləcə də nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunan elmi məqalələr barədə məlumat verilib. Bildirilib ki, 2018-ci ildə UNEC üzrə impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı son 3 ildəkindən 1,6 dəfə çox olub.
Daha sonra iqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalovun “2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri haqqında” hesabatı dinlənilib. Qeyd olunub ki, ötən dövrlərlə müqayisədə UNEC-in büdcəsi 2, orta aylıq əməkhaqqı isə 1,4 dəfəyədək artıb.
Hər iki hesabat elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər