İki Monronun iki doktrinası

İki Monronun iki doktrinası Neçə gündür ortalıqda “Monro doktrinası” deyə bir söz birləşməsi təkrarlanır, qorxuram bir çox adamlar hesab edələr ki, bu, aktrisa Merilin Monro ilə bağlı doktrinadır.

Elə deyil. Bu Monro başqa Monrodur. 200 il əvvəl ABŞ-nin bu soyadda prezidenti olub – Ceyms Monro. İndi olsa adına ərklə Cimi deyərdilər – necə ki onun adaşı Ceyms Karterə Cimmi deyirdilər, Uilyam Klintona - Bill, Riçard Çeyniyə - Dik və s.

Hərçənd aktrisa Monro da ABŞ siyasətində iz qoyub. Onun doktrinası sadə olub – prezident Kenendi ilə oturub-durmaq, yeri gələndə dövlət tədbirlərində oxuyub-oynamaq, dünyaya sülh mesajları və pozitiv enerji vermək və s. Yazıq elə öz doktrinasının qurbanı olub. Conun balaca qardaşı Robert Kennedi hesab edib ki, Merilin ağ edir. Ona görə də aktrisa qadın vaxtsız vəfat edəsi olub. Elə buna bəndmiş kimi, 5-6 ilin içində o dairədəki hamı vaxtsız gedib.

Ancaq “Monro doktrinası”, yuxarıda dediyimiz kimi, tamam başqa doktrinadır. 202 il əvvəl ABŞ prezidenti postunda oturan C.Monro eynilə Tramp kimi "Amerikalılar üçün Amerika" şüarı elan edib, ölkəsinin xarici siyasətinin prinsiplərini müəyyənləşdirib.

Əslində ona bu ideyanı, yəni Amerika qitəsini Avropa güclərinin müdaxiləsinə qapalı zona elan etmək fikrini dövlət katibi olan Con Kuinsi Adams verib. Adams o dövrün “boz kardinalı” olub. Ta bizimki kimi yox e, ölkənin yarısını mənimsəyə, Təzəxanla birləşib dövlət çevrilişi etmək istəyə. Adams əsl dövlət xadimi, uzaqgörən strateq imiş.

Üstəlik, o vaxt ABŞ indiki qədər güclü olmayıb, bir şələ qarğı-qamışla öz başının milçəyini güclə qoruyurmuş. İngiltərə bir tərəfdən, Fransa o tərəfdən, İspaniya belədən, hamısının ABŞ-yə qarşı iddiaları varmış. İndiki vaxt olsa, nə vardı ki, göydə 32 saat qalan təyyarələri göndərər, prezidentləri delta-planla qaçırıb aparardı.

Ona görə də cənab Monro hesab edib ki, dünyanı Avropa və Amerika idarəetmə sistemlərinə bölsün, ABŞ Avropa ölkələrinin daxili işlərinə müdaxilə etməsin, Avropa gücləri də ağ burunlarını Qərb yarımkürəsindəki ölkələrin daxili işlərinə soxmasınlar. Yəni Monro doktrinası əslində “Ora sizin, bura bizim” doktrinasıdır.

O vaxtlar İspaniyanın müstəmləkələrinin müstəqillik uğrunda mübarizəsinə qarşı neytrallığını bəyan edən ABŞ eyni zamanda Avropa metropoliyalarına xəbərdarlıq edib ki, onların Amerikadakı keçmiş müstəmləkələrinin işlərinə müdaxilə etmək cəhdləri ABŞ-nin həyati maraqlarının pozulması kimi qəbul ediləcək. Yəni gedin fas-farağat oturun öz Avropanızda, burda bizik, vəssalam.

Sonrakı əsrlərdə, bildiyiniz kimi, vəziyyət çox dəyişdi, ABŞ şişdikcə şişdi, gücləndikcə gücləndi, böyüdükcə böyüdü, arada gəlib Avropaya dədəlik də elədi (hələ də edir), oradan da aşıb dünyaya ağalıq eləməyə girişdi, hətta gedib Seula da çıxdı. Yeri gəlmişkən, aktrisa Merilin Monro ötən əsrin 50-ci illərində Cənubi Koreyada vuruşan əsgərlərin, o cümlədən türk əsgərlərinin qarşısında yaxşı bir konsert verib – bu epizod “Ayla” filmində də yer alıb.

İndiki dövrdə “Monro doktrinası”nın xatırladılması isə bir az yerinə düşmür. Bu necə doktrinadır ki, sən həm öz yarımkürəndə lotuluq edirsən, həm Tayvana pasiban çıxır, Çini hədələyirsən, sonra Tehranı qorxudursan, bu tərəfdə Ukraynaya “təslim ol” tövsiyəsi verirsən? Yəni həm bütün dünyanın işinə qarışırsan, amma hamıya da deyirsən ki, heç kəs mənim oylağıma, Qərb yarımkürəsinə girməsin.

O yarımkürədə də Kuba var, Nikaraqua var, Boliviya, Panama, Meksika var. Bir-ikisi Rusiyaya güvənir, biri Çinə, o birilər də Allah umuduna yaşayır. İndi başqa ölkələr “Monro doktrinası”nın tələblərinə riayət etsələr, Tramp adı çəkilən ölkələrin liderlərini “çurban” edəcək, deyəcək, ya istefa verin, ya da kommandos gədələri göndərirəm, sizi yanıma pijamada gətirsinlər.

Bu artıq “Monro doktrinası” deyil, Tramp doktrinasıdır.

Dünya xalqları belə doktrinaları sevmirlər. Ondansa Çenifer Lopes doktrinası və ya Beyons doktrinası yaxşı olar. Müğənni xanımlar sülhpərvər mahnılar oxuya-oxuya turnelərə çıxarlar, həm özləri yaxşı pul qazanarlar, həm də xalqların musiqi zövqünü oxşayarlar. O vaxt Merilin Monro belə edirdi. Ona görə də hələ də sevilir.

Tehsil-press.az

Oxşar xəbərlər