Xaçmazdakı təhlükəli məktəblə bağlı regional təhsil idarəsindən CAVAB

Xaçmazdakı təhlükəli məktəblə bağlı regional təhsil idarəsindən CAVAB Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən məktəbin təhlükəli vəziyyəti ilə bağlı Musavat.com-da yayımlanan xəbər (https://musavat.com/news/xacmazin-bu-kendinde-mekteb-her-an-uca-biler-sagirdler-tehlukede-foto-video_1232086.html) ictimai rezonans doğurub. Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi redaksiyamızın sorğusuna cavab verib.

İdarənin açıqlamasında bildirilir ki, tabelikdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəblərin əsaslı təmiri əsas prioritetlər sırasındadır.

Qeyd olunur ki, son iki il ərzində regional idarənin tabeliyində olan 67-dən çox məktəbdə cari təmir, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilib, 8 məktəb binası isə tam sökülərək yenidən inşa olunub.

Redaksiyanın sorğusuna göndərilən cavabda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisinin davam etdiyi, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik, Qusar rayonunun Kuzunqışlaq kəndində 220 şagird yerlik, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik məktəb binalarının tikintisi aparıldığı qeyd olunur.

Açıqlamada xüsusi olaraq vurğulanır ki, Xaçmaz rayonu Armudpadar kənd ümumi orta məktəbinin mövcud vəziyyəti idarəyə məlumdur. Binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Bildirilir ki, təhsil müəssisələrinin tikinti və təmiri işləri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər