Mingəçevir Dövlət Unversitetində “Qanlı Yanvar – Qürur və qəhrəmanlıq günü” mövzusunda konfrans keçirilib

Mingəçevir Dövlət Unversitetində “Qanlı Yanvar – Qürur və qəhrəmanlıq günü” mövzusunda konfrans keçirilib 2026-cı iln 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Qanlı Yanvar – Qürur və qəhrəmanlıq günü” mövzusunda konfrans keçirilib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Mingəçevir Dövlət Universitetində yerləşən büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Konfrans Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov 20 Yanvar hadisələrinin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və mübarizə ruhunun parlaq təcəssümü olduğunu bildirib, bu faciənin Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olduğunu vurğulayıb.

Rektor çıxışında Ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi tarixi-siyasi qiymətə xüsusi yer ayıraraq qeyd edib ki, Heydər Əliyev Moskvada verdiyi bəyanatla bu cinayəti açıq şəkildə pisləmiş, xalqın haqq səsini dünyaya çatdırmış və 1994-cü ildə hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi status verilməsinə nail olmuşdur.

Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, Şəhidlər xiyabanının qorunması və şəhid ailələrinə göstərilən diqqət və qayğı bu siyasətin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirir. Rektor bildirib ki, bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla davamıdır.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfrans universitetin müəllimlərinin məruzələri ilə davam edib. Səma Süleymanova “20 Yanvar – milli iradə və imperiya zorakılığına siyasi baxış”, dos. Günel Yunusova “Qan və qələm: 20 Yanvarın bədii yaddaşı”, Tural Həsənqarayev “20 Yanvar hadisələrinin sənədləşməsində mətbuatın tarixi rolu” və Gulnar Məmmədova “Kollektiv travma və milli kimlik: 20 Yanvar hadisələrinin psixoloji analizi” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, kafedranın müəllimləri Mirzə Cavadov və İlham Məmmədov mövzu ilə bağlı faktlardan söhbət açıblar, 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətini, onun müstəqillik yolunda dönüş nöqtəsi olduğunu vurğulayıblar və Ümummilli lider Heydər Əliyevin bu faciəyə verdiyi siyasi-hüquqi qiymətin əhəmiyyətini xüsusi qeyd ediblər.

20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər