Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsidir. Professor qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində azadlıq uğrunda mübarizəyə qalxan vətən övladları şəhid oldu, yaralandı, qanunsuz həbs olundu. Şəhid olanlardan 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olub. O, qanlı hadisəyə ilk siyasi münasibəti Ümummilli Lider Heydər Əliyev 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bildirdiyini söyləyib.
S.İbadullayeva vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi iradəsi, qüdrətli ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.
Tədbirdə biologiya elmləri doktorları, professor Aydın Əsgərov, professor Şakir Qasımov, professor Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktorları Ələddin Qədimov, Pərvanə Qaraxani, Sadıq Qarayev, Nigar Mürsəl qızı və Hilal İmanlı Azərbaycan xalqına qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşayacağını qeyd ediblər.
20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.
Sonda Botanika İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda canlarını fəda edənlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tehsil-press.az









