AzMİU-da Xalq rəssamı Arif Əzizin sərgisi açılıb

AzMİU-da Xalq rəssamı Arif Əzizin sərgisi açılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının akademiki və Azərbaycan filialının prezidenti, professor Arif Əzizin 80 illik yubileyi münasibətilə fərdi sərgisi açılıb.
Memarlıq fakültəsinin və İtaliya-Azərbaycan Dizayn Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan sərginin açılışında professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Rektor Gülçöhrə Məmmədova çıxışında Arif Əzizin özünəməxsus “Bəyaz” üslubunun əsaslarına diqqət çəkib və bu sərginin universitetin müəllim-tələbə heyəti üçün önəmli olduğunu vurğulayıb. Gülçöhrə Məmmədova qeyd edib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Azərbaycan-İtaliya Dizayn Mərkəzinin rəhbəri memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov Arif Əzizin Azərbaycan incəsənətində rolunu vurğulayıb, sərginin tələbələr üçün əhəmiyyətini bildiriblər. Çıxışlarda rəssamın dizayn sahəsində axtarışlarının fənlərarası aspektləri, onun mədəni irsimizin təbliğində rolu qeyd edilib.
Tədbirdə Arif Əzizin tələbəsi, Əməkdar müəllim Yaşar Səmədov, sənətşünas alim dosent Sevil Kərimova çıxış ediblər.
Xalq rəssamı yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib və əsərləri haqqında çap olunan kitabları AzMİU kitabxanasına hədiyyə edib.
Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgi Arif Əzizin 65 illik peşəkar irsini lakonik tərzdə əks edir. AzMİU-nun ixtisas istiqamətlərinə müvafiq olaraq sərgidə rəssamın əsasən qrafik dizayn sahəsinə aid əsərləri nümayiş olunur. Burada onun erkən yaradıcılıq dövrünü əhatə edən fərqli mövzulu plakatlar, loqotiplər xüsusi maraqla qarşılanıb.

Tehsil-press.az



Oxşar xəbərlər