Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Aygün İsmayıllını təbrik edərək bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. ADPU-nun həm təhsildə, həm də yaradıcılıq sahəsində fərqlənən istedadlı tələbələri çoxdur. Azərbaycanın gələcəyini yüksək biliyə, istedada malik olan belə gənclər müəyyən edəcək. Biz belə tələbə-gənclərimizlə fəxr edir, qürur duyuruq. Aygün İsmayıllı gənc və istedadlı rəssamdır. Aygün İsmayıllı özünəməxsus yaradıcılıq üslubuna malikdir. Onun rəsm əsərləri məzmun və forma baxımından bir-birindən fərqlənir. Rektor çıxışının sonunda Aygün İsmayıllıya yeni yaradıcılıq uğurları arzulayıb.
ARİ-nin katibi, Xalq rəssamı, professor Ağaəli İbrahimov çıxış edərək sərginin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb və Aygün İsmayıllıya uğurlar arzulayıb.
MTH-nin sektor müdiri Qalib Qasımov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Aygün İsmayıllının sərgidə nümayiş olunan əsərlərini yüksək qiymətləndiriblər və rəssama müvəffəqiyyətlər arzulayıblar.
Sonda çıxış edən Aygün İsmayıllı fərdi yaradıcılıq sərgisinin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, eləcə də bütün iştirakçılara təşəkkür edib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

