ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi - Yüz ilin rəngləri

ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi - Yüz ilin rəngləri Muzey Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.
“Yüz ilin rəngləri” adlı sərgi-tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün universitet kollektivi üçün bir bayram olduğunu vurğulayıb. Sərginin açılışının ADMİU-nun 100 illik yubileyi ilə əlaqədar tədbirlər silsiləsindən olduğunu diqqətə çatdıran rektor deyib: “2023-cü il ölkəmiz üçün dahi lider, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Xankəndində Azərbaycan Bayrağının ucaldılması ilə əlamətdar oldu. Həmçinin bu il Mədəniyyət və İncəsənət Universiteti üçün də özünün 100 illik yubileyi kimi mühüm bir hadisə ilə əlamətdar oldu. Bu münasibətlə Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam isə bizi həm çox sevindirdi, həm qürurlandırdı, həm də böyük bir məsuliyyət yaratdı. Bir il ərzində biz həm Ulu Öndərin, həm də Universitetimizin 100 illik yubileyi münasibətilə bir-birindən maraqlı tədbirlər keçirdik. Bugünkü “Yüz ilin rəngləri” sərgisi də həmin tədbirlərdən biridir. Mədəniyyət və İncəsənət Universiteti bu 100 ildə müxtəlif rəngləri özündə birləşdirən möhtəşəm bir palitra yaradıb. O palitrada bizim bayrağımızın mavisi, qırmızısı, yaşılı, günəşin sarısı, universitetimizin narıncısı, həmçinin yolu Mədəniyyət və İncəsənət Universitetindən keçən dahi sənətkarların rəngləri cəm olub. Bu rənglər kəhkəşanında biz ölkəmizin bir əsrlik möhtəşəm mədəniyyətini, incəsənətini, milli-mənəvi dəyərlərini görə bilirik”.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, ADMİU-nun Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı professor Arif Əziz, Xalq rəssamı Xanlar Əhmədov və başqaları çıxış edərək universiteti 100 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafındakı əvəzsiz rolundan danışıblar.
Sonra Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının geyim dizaynı ixtisasının hazırladığı dəfilə təqdim olunub.
Daha sonra isə tədbir iştirakçıları Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, “Yüz ilin rəngləri” adlı sərgi noyabrın 29-na qədər davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər