Subayların nəzərinə: Nikahdan əvvəl... — Yeni qaydalar gəlir

Subayların nəzərinə: Nikahdan əvvəl... — Yeni qaydalar gəlir Son günlər Türkiyədə müzakirə edilən “evlilik öncəsi psixoloji qiymətləndirmə” təşəbbüsü müasir ailə siyasəti baxımından olduqca аktual və diqqətəlayiq yanaşmadır. Araşdırmalar göstərir ki, boşanmaların əsas səbəbləri arasında emosional uyğunsuzluq, ünsiyyət problemləri, psixoloji yetkinliyin formalaşmaması, travmatik keçmiş təcrübələr və konfliktlərin idarə edilməsində zəiflik mühüm yer tutur.

Məsələ ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, nikahdan öncə psixoloji hazırlığın qiymətləndirilməsi preventiv mexanizm kimi mühüm rol oynaya bilər:

"Lakin burada əsas məqam ondan ibarətdir ki, bu proses “seçim və ya imtina aləti” deyil, maarifləndirici və dəstəkləyici mexanizm kimi qurulmalıdır. Yəni məqsəd insanların evlənməsinə mane olmaq yox, onların ailə həyatına psixoloji baxımdan daha hazırlıqlı daxil olmalarını təmin etməkdir. Doğru qurulduğu halda belə proqramlar tərəflərin gözləntilərini, ünsiyyət bacarıqlarını, konflikt həllini, emosional məsuliyyətini və ailə dəyərlərinə yanaşmasını daha aydın şəkildə ortaya qoyur"

O bildirib ki, beynəlxalq təcrübə göstərir ki, evlilik öncəsi psixoloji konsultasiya və qiymətləndirmə proqramları uzunmüddətli perspektivdə ailə münasibətlərinin davamlılığını artırır, boşanma riskini azaldır və ailədaxili zorakılıq hallarının qarşısının alınmasına töhfə verir:

"Xüsusilə Skandinaviya ölkələri, ABŞ və bəzi Avropa dövlətlərində tətbiq edilən “premarital counseling” modelləri bu baxımdan müsbət nəticələr göstərir.
Azərbaycanda bu yanaşmanın tətbiqi real və mümkündür. Lakin bu proses milli-mənəvi dəyərlərimiz, ailə modeli və sosial xüsusiyyətlər nəzərə alınmaqla formalaşdırılmalıdır. Mexaniki şəkildə xarici modellərin köçürülməsi düzgün olmaz. Burada hüquqi baza, etik prinsiplər, məxfilik qaydaları və peşəkar mütəxəssislərin iştirakı əsas şərtdir".

Onun sözlərinə görə, Psixologiya Elmi-Tədqiqat İnstitutu hazırda bu istiqamətdə elmi əsaslı metodika üzərində çalışır:

"Bu metodika test xarakterli “etiketləmə” vasitəsi deyil, maarifləndirici və yönləndirici platforma kimi nəzərdə tutulur. Yəni nəticələr əsasında tərəflərə fərdi və ya cütlük şəklində psixoloji məsləhət, təlim və dəstək proqramları təklif olunur. Heç bir psixoloji test və ya qiymətləndirmə boşanmaların qarşısını tam şəkildə ala bilməz. Ailə münasibətləri dinamik prosesdir və davamlı psixoloji savadlılıq, qarşılıqlı hörmət və məsuliyyət tələb edir".

Psixoloq deyib ki, bu səbəbdən evlilik öncəsi qiymətləndirmə yalnız sistemli ailə siyasətinin bir hissəsi kimi effektiv ola bilər.

"Belə təşəbbüs düzgün elmi əsaslar üzərində qurularsa, peşəkar mütəxəssislər tərəfindən icra edilərsə və maarifləndirici mahiyyət daşıyarsa, Azərbaycanda da ailə institutunun möhkəmlənməsinə, boşanma hallarının azalmasına və cəmiyyətin psixoloji sağlamlığının gücləndirilməsinə ciddi töhfə verə bilər. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq bu sahədə elmi-tətbiqi modellərin hazırlanması və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində sistemli mexanizmlərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk", - deyə o bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər