Cənubi Qafqaz dondurulmuş ziddiyyətlər regionu kimi qəbul edilirdi; burada nəsillərin dəyişməsi barışa deyil, yalnız keçmiş travmaların qorunub saxlanmasına xidmət edirdi.
Yüz ildən artıq bir dövr ərzində — Rusiya imperiyasından Sovet İttifaqına, oradan da postsovet mərhələsinə qədər — region xarici nəzarət sistemi daxilində mövcud olub, burada idarə olunan qeyri-sabitlik təsir aləti kimi istifadə edilib. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra da bu məntiq aradan qalxmadı: Moskva yekun nizamlanmaya imkan vermədən, özünü “əvəzolunmaz vasitəçi” rolunda saxladı və bununla da regionu geosiyasi asılılıq zonasına bağladı.
Qırılma nöqtəsi İkinci Qarabağ müharibəsindən sonra baş verdi. Azərbaycanın qələbəsi onilliklər boyu dəyişməz sayılan regional status-kvonu köklü şəkildə dəyişdi. Uzun müddətdən sonra ilk dəfə münaqişə aydın hərbi-siyasi nəticə aldı və bununla birlikdə əvvəlki formulların artıq işləmədiyi yeni reallıq yarandı. Bu proseslərin əlavə katalizatoru isə Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı təcavüzlə bağlı strateji səhvi oldu. Uzunmüddətli müharibəyə cəlb olunan Moskva resurslarını və postsovet məkanında proseslərə operativ reaksiya vermək imkanını itirdi ki, bu da regional aktorlar üçün imkan pəncərəsi açdı.
Bu imkan pəncərəsindən Azərbaycan və Ermənistan liderləri yararlandılar. Onilliklərdən sonra ilk dəfə Bakı və İrəvan, xüsusilə də Moskvanın vasitəçiliyi olmadan, birbaşa dialoqa başladılar. Barış prosesi bəyanat səviyyəsindən çıxaraq praktiki məzmunla dolmağa başladı. 2025-ci ilin yayında Əbu-Dabidə keçirilən görüş, ardınca isə 8 avqust 2025-ci ildə ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə baş tutan görüş yeni mərhələnin mühüm mərhələləri oldu. Həmin görüşlərdə sülh sazişinin əsasları və simvolik olaraq “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar daxil olmaqla, əsas sənədlər paraflandı.
Diplomatik bəyanatlardan sonra baş verənlər isə daha da göstərici oldu. Kommunikasiyaların real şəkildə blokdan çıxarılması başladı: Azərbaycan ərazisindən Ermənistan istiqamətində Qazaxıstan və Rusiyadan taxıl daşıyan yük qatarları hərəkətə başladı, Azərbaycan Ermənistana yanacaq tədarükünə girişdi. Hələ beş il əvvəl siyasi fantaziya təsiri bağışlayan bu mənzərə gündəlik reallığın bir hissəsinə çevrildi.
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə keçirilən yeni görüşü isə, əslində, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfəri ərəfəsində “saatların dəqiqləşdirilməsi” rolunu oynadı. Onun İrəvan və Bakıya səfərləri ABŞ-ın Cənubi Qafqaz strategiyasındakı dəyişikliyi nümayiş etdirir və bu dəyişiklik Vaşinqtonun yeni strateji təhlükəsizlik konsepsiyası ilə tam uzlaşır. Region müasir dünyanın əsas logistika marşrutlarından biri — Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında bağlantı kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, 8 avqust görüşündən sonra ABŞ prezidenti Mərkəzi Asiya ölkələrinin liderləri ilə ayrıca danışıqlar apararaq məhz bu dəhlizin əhəmiyyətini vurğuladı.
Cənubi Qafqazda sülh Vaşinqton üçün daha geniş kontekstdə də mühüm əhəmiyyət daşıyır — ABŞ-ın Yaxın Şərqdəki rolunun sabitləşdirilməsi amili kimi. Qəzza böhranı, İran ətrafındakı gərginlik və mürəkkəb regional ittifaqlar sistemi fonunda Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi tərəfdaşlarla koordinasiya xüsusi önəm kəsb edir. Bu arxitekturda Azərbaycan sadəcə region ölkəsi deyil, təhlükəsizlik və logistikanın əsas qovşağı kimi çıxış edir ki, bu da Ermənistanla davamlı sülhü ABŞ üçün də strateji əhəmiyyətli edir.
Xüsusi diqqətə layiq məqam Azərbaycan parlamentinin Naxçıvanla bağlı dəyişiklikləri qəbul etməsi və 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında bağlanmış Moskva və Qars müqavilələrini denonsasiya etməsidir. Həmin müqavilələr Azərbaycanın, Ermənistanın və Gürcüstanın sovet işğalını hüquqi cəhətdən rəsmiləşdirirdi. Müasir Azərbaycanın 1918–1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu nəzərə alsaq, bu addım revanşist deyil, tarixi-hüquqi xarakter daşıyır və müstəmləkə irsinin son səhifəsini bağlayır. Bir neçə il əvvəl belə bir qərar ağlasığmaz görünərdi.
Azərbaycan gözlərimiz önündə tarixdə nadir rast gəlinən bir yol keçir: müharibədəki qələbə diplomatiyada qələbəyə, ardınca isə sülh gündəliyində qələbəyə çevrilir. Bununla yanaşı, Ermənistanda gedən dəyişiklikləri də qeyd etmək vacibdir. Daxili müqavimətə və prosesin ağrılı olmasına baxmayaraq, mövcud baş nazirin tərəfdarı olan siyasi qüvvələrin əhəmiyyətli hissəsi yeni reallığı və qalibin uzatdığı əli qəbul edir. Bu, hələ çoxsaylı — həm obyektiv, həm də subyektiv — maneələrlə dolu, kövrək sülh meydanında irəliləyişdir. Həddindən artıq çox qan tökülüb və cəmiyyətlərin sülhə daxildən hazırlaşması üçün zamana və səylərə ehtiyac var. Bundan əlavə, region daxilində və kənarında onilliklər boyu iki xalqın qarşıdurmasından faydalanmış və onun bitməsində maraqlı olmayan qüvvələr mövcuddur.
Məhz buna görə sülh prosesinə verilən simvolik və siyasi dəstək aktları xüsusi əhəmiyyət daşıyır. Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinə Şeyx Zayed adına sülh mükafatının təqdim edilməsi Yaxın Şərqdən gələn mühüm dəstək siqnalına çevrilib. 8 avqustdan sonra bu sülh prosesinin fəal müşayiətçisi rolunu oynayan ABŞ prezidentinin də iştirakı ilə Azərbaycan prezidentinə və Ermənistanın baş nazirinə Nobel Sülh Mükafatının verilməsi təkcə mükafat deyil, kövrək, lakin tarixi əhəmiyyətə malik sülhün möhkəmləndirilməsi və qorunması üçün alət ola bilər.
Burada söhbət yekunların çıxarılmasından deyil, qələbənin müharibənin davamı olmaqdan çıxıb sülhün təməli olduğu nadir bir anın tanınmasından gedir. Vaclav Havelin dediyi kimi:
“Sülh vəziyyət deyil, prosesdir.”
Ramiz Yunus,
politologiya üzrə professor
“Xəzər” Beynəlxalq Universiteti
politologiya üzrə professor
“Xəzər” Beynəlxalq Universiteti
Tehsil-press.az








