Ali Məhkəmənin yeni sistemi təqdim olundu - hansı üstünlükləri var? - VİDEO

Ali Məhkəmənin yeni sistemi təqdim olundu - hansı üstünlükləri var? - VİDEO Ali Məhkəmə Aparatının Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsinin müdir müavini Yusif Bayramov vahid məhkəmə təcrübəsinə əlçatımlılığı təmin edən yeni sistem, sisteminin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Yusif Bayramov bildirib ki, Ali Məhkəmə tərəfindən ədalət mühakiməsinin keyfiyyətinin artırılması ilə bağlı məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yusif Bayramovun müsahibəsini qısa ixtisarla təqdim edir:

“Bu tədbirlərdən biri də məhkəmə təcrübəsinə əlçatımlılığı təmin edən yeni Məhkəmə təcrübəsi üzrə axtarış sisteminin yaradılması olub. Bu sistem istifadəçi rahatlığı və funksional təyinata uyğun tələblər nəzərə alınmaqla tərtib edilib. Sistemdə müvafiq funksionallıqların formalaşdırılması məqsədilə məhkəmə işinin məzmununu dəqiq əks etdirən kateqoriya və alt kateqoriyalar, eləcə də iş üzrə əhəmiyyət kəsb edən digər təsviredicilər müəyyən edilərək sistemləşdirilib və Ali Məhkəmə hakimlərinin təsdiqindən sonra sistemə inteqrasiyası təmin olunub. Hazırda sistemdə 2500-dən çox kateqoriya (alt kateqoriya) üzrə axtarış meyarları mövcuddur. Daha sonra sistemdə məlumat tamlığının təmin edilməsi məqsədilə 2023-cü ilə aid 11 mindən çox məhkəmə aktı təhlil edilərək onların kateqoriya, alt kateqoriya və digər seçimləri müəyyən olunub və həmin aktların sistemə yüklənilməsi həyata keçirilib. Məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan Plenum icraatına aid 30 məhkəmə qərarı, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 15 məhkəmə qərardadı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən indeksləşdirilmiş 37 məhkəmə qərarının sistemə yüklənib və bu istiqamətdə işlər davam etməkdədir. Eyni zamanda qeyd etməliyəm ki, məhkəmə aktları üzrə kateqoriya və alt kateqoriyaları təyin edilərkən hər bir məhkəmə aktı fərdi qaydada təhlil olunur, bu da axtarışın nəticəsinin yüksək dəqiqliklə istifadəçiyə çatdırılmasına xidmət edir.

Yusif Bayramov bildirib ki, sistemdə əksər hüquqi məsələlərə dair məhkəmə təcrübəsi üzrə axtarış obrazı formalaşdırılıb: “Mübahisə predmetinə aid kateqoriya, alt kateqoriya və ya digər seçimləri düzgün müəyyən etməklə həmin mübahisə predmetinə dair kasasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə asan şəkildə çıxış təmin edilib”.



Yusif Bayramov “sisteminin hansı üstünlükləri mövcuddur” sualını belə cavablandırıb: “Sistem informasiyanın toplanılması, emalı və istifadəçilərə təqdim edilməsinə yönəlmiş əməliyyatların ardıcıllığını özündə birləşdirir və məhkəmə təcrübəsi ilə bağlı təqdim edilmiş axtarış sorğusuna uyğun gələn məhkəmə aktlarını tez bir zamanda, dəqiqliklə istifadəçiyə çatdırır”.

Sistemin tətbiqinin əsas üstünlüklərini isə belə ifadə etmək olar:

-Ali Məhkəmənin məhkəmə təcrübəsi ilə bağlı qəbul etdiyi bütün məhkəmə aktlarına vahid platforma üzərindən çıxışın təmin edilməsi;

Məhkəmə aktlarının məzmununu tam əks etdirən kateqoriyaların təyin edilməsi və məhkəmə aktı üzrə axtarış obrazının formalaşdırılması;

Hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən, inkişaf etdirən və dəyişən məhkəmə aktları üzrə indeksləşmənin tətbiqi;

Yüksək relevantlıq, yəni axtarış nəticəsində tapılaraq istifadəçiyə təqdim edilmiş məlumatın informasiya sorğusunun məzmununa uyğunluğu;

Geniş axtarış meyarlarının mövcudluğu, bir və ya bir neçə kateqoriya seçiminin edilməsi, eləcə də maddi və prosessual hüquq normalarının qarşılıqlı əlaqələndirilməsinin təmini və axtarışın istifadəçi tərəfindən müəyyən edilən ssenariyə uyğun həyata keçirilməsi;

Məhkəmə aktlarında mətn üzrə axtarış funksionallığının genişləndirilməsi və istisna olunmalı söz bölməsi funksionallığının yaradılması;

Axtarışın nəticəsinin interaktiv vəziyyətdə dəqiqləşdirilməsinin təmini;

Bəs yeni tətbiq edilmiş sistemin məhkəmələr və cəmiyyət üçün faydalılığı nələrdən ibarət olacaq?

Yusif Bayramov deyib ki, sistemin tətbiqində əsas məqsədlərdən biri Ali Məhkəmənin məhkəmə təcrübəsinə əlçatımlılığı təmin etməklə aşağı instansiya məhkəmələri tərəfindən qanuni və ədalətli qərarların qəbul edilməsinə nail olmaqdır: “Belə ki, məhkəmələr mübahisə predmetinə aid formalaşmış məhkəmə təcrübəsini sistem vasitəsi ilə əldə edə bilər və təcrübəyə uyğun qəbul etdiyi qərarların yuxarı instansiya məhkəmələrində sabit qalmasına nail ola bilər. Ümumiyyətlə məhkəmə qərarlarının sabitliyinin təmin edilməsi öz növbəsində ədalət mühakiməsinin nüfuzunun yüksəldilməsinə, məhkəmələrə inam və etimadın daha da artırılmasına xidmət edəcək.

Sistem vətəndaşlar üçün də olduqca səmərəli funksionallıqları özündə cəmləşdirən vacib bir alətdir. Belə ki, fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları qeyd edilən sistemdən istifadə etməklə eyni və ya oxşar mübahisələr üzrə Ali Məhkəmənin hüquqi mövqeyini əldə edə və mübahisənin perspektivini öyrənə bilərlər. Belə olan halda maraqlı tərəflər mübahisənin məhkəmədə mümkün həlli üsullarından məlumatlı olacaq və yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında məhkəmədənkənar həllinə nail olunmasına çalışacaq. Məhkəmə təcrübəsinə əsaslanaraq mübahisənin məhkəmədə onun xeyrinə həll olunacağını bilən tərəf məhkəməyə müraciət etməkdə israrlı olacaq. Bunun əksinin olduğu hallarda isə tərəf məhkəməyə müraciət etməyəcək, bu da onu məhkəmə xərclərindən (dövlət rüsumu, vəkil və s.) azad edəcək, eləcə də əlavə əmək və vaxt sərf etməsinin qarşısını alacaq. Bu da məhkəmələrə təqdim olunan əsassız iddiaların azalmasına gətirib çıxarmaqla yanaşı, məhkəmələrin də iş yükünün azalmasına səbəb olacaq. Ancaq bu məsələləri məhkəmələrə müraciət imkanın məhdudlaşdırılması kimi başa düşmək olmaz. Belə ki, tərəflər öz müstəqil seçimləri əsasında qərar verməklə yuxarıda qeyd etdiyim kimi maddi, vaxt və digər itkilərdən çəkinmək üçün əsassız iddialarla məhkəmələrə müraciət etməyə meylli olmayacaqlar. Bununla yanaşı, vəkillər, o cümlədən dövlət orqanlarının, digər müəssisə və təşkilatların hüquqşünasları sistemin imkanlarından effektiv istifadə etməklə təmsil etdiyi fiziki və hüquqi şəxslərə daha düzgün məsləhətlər verə və mübahisənin mümkün həlləri barəsində proqnoz formalaşdıra bilərlər. Bu məsələ həmçinin aşağı instansiya məhkəmələrində qəbul edilmiş qərarların mübahisələndirilməsinin də azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində fiziki və hüquqi şəxslərin daha qısa müddət ərzində yekun məhkəmə qərarını əldə etməsi ilə nəticələnəcək”.

Yusif Bayramov bildirib ki, sistem əsasən 2 istiqamətdə təkmilləşdiriləcək: “Birinci istiqamət üzrə sistemdə məlumat bazasının zənginləşdirilməsi nəzərdə tutulur. Bunun təmini üçün ilk növbədə Ali Məhkəmədə əvvəlki illər ərzində baxılmış işlər üzrə məhkəmə qərarları təhlil ediləcək və onların məzmununu əks etdirən kateqoriyalar təyin edilərək sistemə inteqrasiya olunacaq.

İkinci istiqamət isə əsasən sistemin funksionallığının daha da genişləndirilməsi, istifadəçi sorğularının qəbulu və emalı prosesinin sürətləndirilməsi və digər məsələləri əhatə edir. Məsələn, gələcəkdə qanunvericilikdə kassasiya qaydasında baxılması nəzərdə tutulmayan icraat növləri üzrə də aşağı instansiya məhkəmələrində formalaşmış məhkəmə təcrübəsinə əlçatımlılığın təmin edilməsi üzrə müvafiq funksionallıqlar yaradıla bilər. Eyni zamanda Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarının da təhlil edilərək kateqoriyalaşdırılmış şəkildə sistemə inteqrasiyasi məsələsinə baxıla bilər.

Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, sistemin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı istifadəçilər tərəfindən daxil olan müraciətlər bizim üçün mühüm əhəmiyyət kəsb edir və həmin müraciətlərin araşdırılaraq sistemdə tətbiqi məsələsi müzakirə edilir”.

Yusif Bayramov bildirib ki, məhkəmə təcrübəsi üzrə axtarış sistemindən yararlanarkən istifadəçilər əsasən bu məqamlara diqqət etməlidirlər: “Sistemdə informasiya axtarışının nəticəsinin keyfiyyəti axtarış meyarlarının istifadəçi tərəfindən dəqiq və dolğun daxil edilməsi ilə xarakterizə olunur. Adətən hər bir istifadəçi özünə hansı informasiyanın lazım olduğunu yaxşı bilir. Bu baxımdan istifadəçilər sistemdə informasiya sorğusunu daha dəqiq və dolğun şəkildə tərtib etməli, zərurət olduqda sistemdə mövcud olan əlavə axtarış funksionallığından istifadə etməlidirlər. Belə ki, sistemdə informasiya tələbatı üzrə sadə və mürəkkəb sorğular tərtib etmək, zəruri hallarda onu dəyişdirmək, axtarış sahəsini genişləndirmək və ya daraltmaq imkanları mövcuddur ki, qeyd edilən imkanlardan səmərəli istifadə edilməsi məhkəmə təcrübəsi üzrə daha da effektiv nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Sonda istifadəçilərə faydalı olduğu üçün Məhkəmə təcrübəsi üzrə axtarış sistemindən geniş istifadə etməyi tövsiyə edirəm”./huquq.az/

Tehsil-press.az

Oxşar xəbərlər