TƏLƏBƏLƏR GÖRKƏMLİ SƏRKƏRDƏNİN EV MUZEYİNDƏ

TƏLƏBƏLƏR GÖRKƏMLİ SƏRKƏRDƏNİN EV MUZEYİNDƏ Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin müəllim və tələbələri görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin ev muzeyində olublar.  
Muzeyin direktoru Abasət Nuriyev qonaqları muzeyin tarixi və eksponatlarla yaxından tanış edib. 
Bildirilib ki,  Cəmşid Naxçıvanskinin ev muzeyi ümummilli lider Heydər Əliyevin 8 avqust 1981-ci il tarixli qərarı ilə 22 oktyabr 1982-ci ildə açılıb. Yeni yaradıldığı dövrdə muzey 300 eksponatla fəaliyyətə başladığı halda hazırda eksponatların sayı 5836-dır. Bunlardan 700-ə yaxını ekspozisiyada sərgilənir.3463 eksponat əsas fonda, 2373-ü köməkçi fonda daxildir. Muzey ekspozisiyası giriş zalı, üç böyük zal və bir otaqdan ibarətdir. Burada generalın həyatının 1918-1933-cü illərini əhatə edən sənədlər və fotolar nümayiş etdirilir. Şərəfli döyüş yolu keçməsinə baxmayaraq 30-cu illərin repressiyası C.Naxçıvanskinin həyatından izsiz keçməyib və bu da generalın ömrünün son illərinə aid guşədə öz əksini tapıb.
Digər iki zal memorial otaqlar kimi fəaliyyət göstərir. Bu zallarda generalın şəxsi əşyaları, Kəngərlilər ailəsinə aid ev və məişət əşyaları yer alıb. 
Muzeydə həmçinin ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən otaq fəaliyyət göstərir ki, burada ulu öndərin muzeyin açılışına dair qərarı, C.Naxçıvanski adına hərbi liseyin yaradılmasının 30 illik yubileyi ilə bağlı Sərəncam,ölkə başçısı İlham Əliyevin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında”  və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamları və digər sənədlər nümayiş etdirilir.


TƏLƏBƏLƏR GÖRKƏMLİ SƏRKƏRDƏNİN EV MUZEYİNDƏ

Tehsil-press.az

Oxşar xəbərlər