BANM-in Prezident təqaüdçüsü: Ən böyük arzum Azərbaycanda tanınmış mühəndis olmaqdır

BANM-in Prezident təqaüdçüsü: Ən böyük arzum Azərbaycanda tanınmış mühəndis olmaqdır Neft-qaz sahəsi üzrə istənilən müəssisəyə yeni istedadlı gənc mütəxəssislər lazımdır. Bu cür mütəxəssislər yetişdirən güclu ali təhsil müəssisələrinin siyahısına başçılıq edən Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Mustafa Ağayev “Prezident təqaüdcüsü danışır” rubrikasında bizimlə həmsöhbət olub. O, öncə özü haqqında məlumat verib.

- 1999-cü ildə Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşam. 2005-ci ildə Bakı şəhəri Nizami rayonu 70 N-li pilot liseyə daxil olmuşam. 2007-ci ildən təhsilimi Xətai rayonunda yerləşən 64 N-li orta məktəbdə davam etdirmişəm, sonra 2010-cu ildə Bakı şəhəri Nizami rayonu 250 N-li tam orta məktəbdə təhsilimi davam etdirdim. 2014-cü ildə ailə vəziyyətimizlə bağlı olaraq təhsilimi Ağcabədi şəhəri Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbində davam etdirmişəm. 2016-cı ildə məktəbi bitirmişəm və 690 balla Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. Prezident təqaüdçüsüyəm.

- Niyə məhz BANM-i seçdin?
- İlk növbədə, mühəndisliyə qarşı marağım olduğundan mən bu ixtisası seçdim. Eyni zamanda, BANM-dəki təhsilin keyfiyyəti, müəllimlərin peşəkar və təcrübəli olması məni bu Ali Məktəbi seçməyə vadar etdi.

- İmtahan geridə qaldi. İndi həmin dövrlə bagli hansı təəssuratlarını bizimlə bölüşə bilərsən?

- Bildiyiniz kimi, həyatın hər bir anı maraqlıdır. O maraqlı anlardan ən yadda qalanı abituriyent həyatı olub. Təbii ki, hər bir abituriyentin arzusu olduğu kimi mənim də arzum tələbə olmaq idi. Baxmayaraq ki, qarşımda müəyyən çətinliklər dururdu, amma mən bu çətinliklərə sinə gərməyi bacardım və Ali Məktəbə daxil oldum.

- Ən böyuk arzun nədir?
- Mənim ən böyük arzum ailəm, Vətənim üçün xeyirli vətəndaş kimi yetişmək və Azərbaycanda tanınmış mühəndis olmaqdır. İnanıram ki, bu istəyimə nail olacağam.

- İxtisasın haqqında nə bilirsən?
- İxtisasım kompüter sahəsinə aid olan bir elmdir. Hər bir şirkət öz gəlirlərini artırmaq üçün bəzi həllər axtarır. Proseslərin avtomatlaşdırılması mühəndisləri məhz bu həlləri axtarır və tapır.

- Başqa hansı maraqların var?
- Maraqlı məlumatlar əldə etməyi çox sevirəm və bunun üçün də boş vaxtlarımda adətən kitab oxuyuram. İndiyə qədər oxuduğum kitabların əksəriyyəti detektiv janrındadır. Digər marağım isə komediya janrında olan filmləri seyr etməkdir.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər