Türkmənistan gəncləri Azərbaycan Tibb Universitetinin rezidentləri olmaq istəyirlər

Türkmənistan gəncləri Azərbaycan Tibb Universitetinin rezidentləri olmaq istəyirlər Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələri möhkəmləndirir. Demək olar ki, hər həftə müxtəlif ölkələrdən olan qonaqlar və mütəxəssislər bu universitetə gəlir, burada təhsilin səviyyəsi ilə, habelə tələbələr və rezidentlər üçün yaradılmış şəraitlə tanış olurlar.
Yanvarın 16-da Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndələri ATU-da olublar. Diplomatlarla görüşdə Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, xarici tələbələrlə iş üzrə dekan İsmayıl Əfəndiyev və dekan müavini Niyazi Hacızadə iştirak ediblər.
Türkmənistanın Azərbaycandakı səfirliyinin attaşesi Atamurat Ballıbayev və səfirliyin üçüncü katibi Bahargül Berdıyeva ATU-da təhsil alan türkmənistanlı tələbələrin sayının artmasını qeyd ediblər. Səfirliyin nümayəndələri bu ali məktəbdə xarici tələbələr üçün yaradılmış şəraitdən məmnun olduqlarını bildirərək qeyd ediblər ki, burada beynəlxalq standartlara müvafiq olan müasir infrastruktur təhsili yüksək səviyyədə həyata keçirməyə imkan verir. Qonaqlar Türkmənistan vətəndaşlarının qardaş Azərbaycanda rezidenturada tibbi təhsili davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.
Görüşdə qeyd edilib ki, Azərbaycan Tibb Universiteti ölkəmizdə xarici tələbələrin sayına görə birinci yeri tutur. Hazırda dünyanın 26 ölkəsindən 1500-ə yaxın əcnəbi tələbə ATU-da əczaçılıq, stomatologiya və başqa tibbi ixtisaslar üzrə müxtəlif pillələrdə təhsil alır. Qeyd edilib ki, Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artır.

ATU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər