Haitidə vəbaya qalib gəlmək üçün donorlar “konsorsiumu” yaradılmalıdır

Haitidə vəbaya qalib gəlmək üçün donorlar “konsorsiumu” yaradılmalıdır BMT-nin nümayəndəsi Haitinin yeni Prezidenti Jovenel Moizin adada vəbanın kökünü kəsməsinə kömək etmək üçün Davos İqtisadi Forumunda dünya liderlərinə müraciət etmək, onları donorlar konsorsiumu yaratmağa və Haitidə birgə səylərlə sanitariya-texniki infrastrukturu möhkəmləndirməyə çağırmaq niyyətindədir.

Tehsil-press.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT Baş katibinin xüsusi elçisi Devid Nabarro Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərinə belə bir missiya ilə gəlib. O, BMT-nin Haitinin bərpasına dair uzunmüddətli strategiyasının həyata keçirilməsi işində donor ölkələrin, inkişaf və biznes banklarının dəstəyini almağa ümid bəsləyir.
Haitidə vəba epidemiyası 2010-cu ilin oktyabrında başlayıb və bütün ölkəni əhatə edib. O vaxtdan təqribən 788 min adam vəbaya yoluxub. Ən azı 9 min adam dünyasını dəyişib. Beynəlxalq birliyin və haitililərin özlərinin səyləri sayəsində xəstəlik hallarını 2011-ci ilin pik göstəriciləri ilə müqayisədə 90 faiz azaltmaq mümkün olub. Ancaq virus hələ də yayılmağa davam edir. Onun qarşısını almaq üçün əlavə resursları səfərbərliyə almaq lazımdır.
BMT Baş Assambleyası Haitidə vəbaya qarşı yeni mübarizə strategiyasını 2016-cı ilin dekabrında dəstəkləyib və dövlətləri bu strategiyanın həyata keçirilməsi üçün zəruri ehtiyatlar ayırmağa çağırıb.
Həmin strategiyaya görə, iki istiqamətdə iş aparılmalıdır: əvvələn, vəbanın müalicəsi və yoluxma hallarının sayının azaldılması üzrə səylər artırılmalı, ikincisi, 2010-cu il epidemiyası zamanı vəbaya yoluxanlara maddi yardım göstərilməlidir. Strategiyanı hər iki istiqamətdə həyata keçirmək üçün yaxın iki ildə təqribən 400 milyon ABŞ dolları tələb olunacaq.
Devid Nabarro bildirib ki, Fransa və Koreya Respublikası vəbaya qarşı mübarizə aparmaq üçün BMT Fonduna müvafiq olaraq 636 min və 1 milyon dollar köçürməyi vəd ediblər. Kanada bildirib ki, bu məqsədlərə 4,6 milyon ABŞ dolları ayırmağa hazırdır.

Tehsil-press.az

Oxşar xəbərlər