170-dən çox iranlının ABŞ-a uçmasına icazə verilmədi

170-dən çox iranlının ABŞ-a uçmasına icazə verilmədi Təxminən 173 iranlının ABŞ hava limanlarına uçuşlar yerinə yetirən təyyarələrə minməsinə icazə verilməyib.

Tehsil-press.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair imzaladığı fərmanından sonra ilk günlərin yekunları üzrə IRINN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, aviaşirkətlər kütləvi surətdə İran vətəndaşlarını ABŞ-a olan reyslərə buraxmaqdan imtina edirlər.
Bunların sırasında "Avstriya Hava Yolları", Türkiyə aviaşirkətləri, "Fly Emirates", "Lufthansa", "Qatar Airways" və digərləri var.
Hətta ABŞ-da yaşamaq hüququ verən "yaşıl kart"a sahib iranlılar da qeydiyyata buraxılmayıblar.
Eyni zamanda, aviadaşıyıcılar İslam Respublikası vətəndaşlarına bilet satışını da dayandırıblar.
Tehsil-press.az xatırladır ki, Rəsmi Tehran dünən ABŞ prezidenti Donald Trampın İran və digər müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasına dair qərarına eyni tədbirlərlə cavab verəcəyi barədə bəyanat yayıb.
İran XİN-in yaydığı bəyanatda deyilir ki, hökumət böyük İran xalqını daxildə və ölkə hüdudlarından kənarda qorumaq məqsədilə Amerika hökumətinin qısamüddətli və ortamüddətli qərarlarını diqqətlə təhlil etdikdən sonra konsulluq, hüquqi və siyasi səviyyələrdə müvafiq addımlar atacaq. Bu məhdudiyyətlər ləğv olunanadək hökumət vətəndaşların hüquqlarını qorumaq üçün tədbirlər görəcək.
Qeyd olunub ki, İran hökuməti Amerika xalqına hörmət edir və onu ABŞ administrasiyasının aqressiv siyasətindən ayırır. ABŞ administrasiyasının bu addımı bütün İslam dünyası üçün açıq təhqirdir.
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər