Prezident İlham Əliyev: Biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik

Prezident İlham Əliyev: Biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik Biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik. Tehsil-press.z-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, bu çıxışlarda səslənən təkliflər dövlət orqanları tərəfindən təhlil ediləcək. Bu gün və bundan sonrakı görüşlər əsnasında bütün bu məsələlər öz həllini tapacaq və beləliklə, ixracımız və yerli istehsalımız üçün yeni imkanlar yaranacaq.
Bu il görüləcək işlərlə bağlı tapşırıqlarımı vermək istəyirəm. Birincisi, infrastruktur layihələrinə aid olan məsələlər. “Azərişıq” bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməlidir. Yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır. Bu proses gedir, daha da sürətlə getməlidir. Çünki indi bizim generasiya gücümüz kifayət qədər böyükdür. Biz elektrik enerjisini bu gün artıq ixrac edirik. Belə olan halda, bütün elektrik təsərrüfatımız da, daxili təsərrüfat da yüksək səviyyədə olmalıdır ki, heç bir fasilə və başqa problem olmasın”.
İlham Əliyev bildirib ki, bu il “Azəriqaz” ən azı 80 kəndə qaz verməlidir. Qaz xətləri çəkilməlidir: “Qeyd etdiyim kimi, bizdə qazlaşdırma indi 92 faizdir. Bu ilin sonuna qədər bu, 94 faizə çatmalıdır. Səksən kəndin qazlaşdırılması minimum proqramdır. Nə qədər çox olsa, o qədər yaxşıdır”.
Prezident deyib ki, “Azəravtoyol” bu il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı öz layihələrini icra edəcək: “Bununla bərabər, 40 kənd yolu layihəsi də icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Keçən il də kənd yolları layihələri uğurla icra edilmişdir. Bu il bu proses davam etdiriləcək. Əminəm ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq. Nəqliyyatla bağlı digər məsələ isə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirilməsidir. Bu il bu layihənin birinci mərhələsi başa çatmalıdır. Dövlət investisiya proqramında bunun üçün kifayət qədər vəsait nəzərdə tutulub. Digər nəqliyyat layihələrinin icrası da davam edir. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edibdir, istər Bakı-Tbilisi-Qars, istər Şimal-Cənub layihələri ilə bağlı. İndi isə bizim qonşu tərəfdaş ölkələrdə aparılacaq işlər nəticəsində bu layihələr ərsəyə gələcək.
Əlbəttə, biz öz üzərimizə düşən bütün vəzifələri tez bir zamanda artıqlaması ilə icra etmişik və bütün lazımi infrastruktur var. Bundan əlavə, bir neçə il əvvəl Bakıda tikilmiş gəmiqayırma zavodunun fəaliyyəti nəticəsində biz öz donanmamızı da yeniləşdiririk. Eyni zamanda, biz təkcə özümüzü yox, Xəzəryanı qonşu ölkələri də müasir gəmilərlə təmin edə bilərik”.
Dövlət başçısının sözlərinə görə, “Azərsu” ASC-nin qarşısına məqsəd qoyulub ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin: “Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən 65 faizdir. Bu, daha da artmalıdır. Ancaq biz bu proqramın icrasına başlayanda fasiləsiz suyun verilməsi üzrə ümumi göstərici təqribən 25-30 faiz idi. Yəni, çox işlər görülüb və bu il də davam etdirilməlidir. Bununla paralel olaraq, biz çaylar boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular da quraşdırırıq. Artıq 300-400 min nəfər əhali bu imkanlardan istifadə edir. Bu il minimum 50 kənddə sutəmizləyici qurğular quraşdırılmalıdır”.
İlham Əliyev deyib ki, meliorasiya ilə bağlı çox böyük işlər görüləcək: “Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir. Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna nail olmalıyıq. Buna nail olmaq üçün imkanlar var. Müvafiq göstərişlər verilibdir. Bu layihələrin icrası nəticəsində bizim ixrac potensialımız böyük dərəcədə artmalıdır. İndi yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə bağlı işlər gedir. Elə etməliyik ki, ilk növbədə, öz daxili tələbatımızı ödəyək və eyni zamanda, güclü ixrac potensialı da yaratmalıyıq”.
Azərbaycan Prezidenti bildirib ki, bu layihələrlə bağlı artıq konkret işlər görülür: “Qeyd etməliyəm ki, bu işlər nəzarətdədir. Mən görüləcək minimum işlərin həcmini diqqətə çatdırmaq istəyirəm ki, hamı bilsin. Bu işlərə həm güclü dövlət nəzarəti, həm ictimai nəzarət olmalıdır. Deməli, biz rayon icra hakimiyyətlərinin xətti ilə yerlərdən verilən təkliflər əsasında bu məsələlərə baxdıq və vəsait ayırırıq. Bu, Dövlət İnvestisiya Proqramında da var. Mən rayon icra hakimiyyətlərinin xətti ilə hansı işlərin görüləcəyini indi sadalayacağam ki, bizim dövlət orqanları və eyni zamanda, rayon ictimaiyyəti buna nəzarət etsinlər. Əgər orada hansısa ləngimə olarsa, yaxud da ki, bu işlər natamam görülərsə, dərhal məlumat versinlər. Beləliklə, Ağdam rayonunda yerlərdən xahiş olundu ki, orada 30 artezian quyusu qazılsın və vəsait də ayrıldı. Bunun nəticəsində təqribən min hektardan çox torpağa su veriləcək. Ağdaş rayonunda 15 min 800 hektar, Füzuli rayonunda 3 min hektar, Hacıqabul rayonunda 4800 hektar, İmişli rayonunda 3 min hektar, Kürdəmir rayonunda 10 min 650 hektar, Neftçala rayonunda 8 min hektar, Salyan rayonunda 5 min hektar, Şəmkir rayonunda 8 min hektar və Ucar rayonunda 2100 hektar torpaq su ilə təmin olunacaq. Bax, sadaladığım bütün bu rəqəmlər təmin edilməlidir. Çünki bu rəqəmlər yerlərdən verilib. Bu rəqəmlərə görə dövlət vəsaiti ayrılıb. Ona görə çox ciddi nəzarət və təftiş edilməlidir. Bu layihələr ancaq rayon icra hakimiyyətlərinin xətti ilə icra ediləcək.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə aşağıdakı layihələr icra edilməlidir – 2700 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Mil kanalının tikintisi. Neftçala magistral kanalının tikintisi 4300 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Balahəşimxanlı, Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın tikintisi. Bu da əlavə 2000 hektar torpaq sahəsini suvarmağa imkan verəcək. Araz çayının yeni qolunun tikintisi təxminən 40 min hektar sahəni su ilə təmin edəcək. Goranboy, Samux rayonlarının ərazisində görüləcək suvarma işləri 4500 hektara su gətirəcək. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və inkişafı hesabına Taxtakörpü su anbarı tikilir, ondan indi qollar ayrılır. Bu da Xızı, Şabran və Siyəzən rayonlarında 20 min hektara suyun verilməsini təmin edəcək”.
Dövlət başçısı əlavə edib: “Üçüncü qurum “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. “Azərsu” bu istiqamətdə iki layihəni icra edəcək. Hacıqabul və Şamaxı rayonlarında 10 min hektar torpağa su gətirəcək. Zərdab rayonunda da 10 min hektar torpaq suvarılacaq. Beləliklə, əgər bütün bu rəqəmləri toplasaq, təxminən 160 min hektara yaxın yeni əkin sahələri yaradılacaq. Bütün bunlar artıq təsdiq edilib və vəsait də nəzərdə tutulub. Mən ona görə bu rəqəmləri diqqətə çatdırıram ki, ictimaiyyət bunu bilsin və bu işlərə çox ciddi nəzarət olmalıdır. Onu da qeyd etməliyəm ki, biz ilk dəfə olaraq suvarma işlərinin bir hissəsini rayon icra hakimiyyətlərinə həvalə edirik. Onlar da bu məsuliyyəti dərk etməlidirlər və bütün bu işlər lazımi səviyyədə görülməlidir.
Əlbəttə ki, suvarma ilə bağlı biz müasir texnologiyalar tətbiq etməliyik. Artıq pivot suvarma sistemləri Azərbaycana gətirilir. İndi biz dövlət xətti ilə buna böyük vəsait ayırırıq. Hesab edirəm, vaxt gəlib çatıb ki, Azərbaycanda pivot suvarma qurğularının istehsalına başlansın. Burada biznes qurumları fəallıq göstərməlidirlər. Bu, həm onlara lazımdır, həm dövlət bunu alacaq. Yəni, burada bazarla bağlı heç bir problem olmayacaq. Əlbəttə ki, valyuta kənara getməyəcək”.
İlham Əliyev vurğulayıb ki, sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək. 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı önəmli addımlar atılmalıdır. Artıq Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə icra edilməyə başlayıb: “Biz baxarıq bu layihə necə icra ediləcək. Hər halda, inkişaf etmiş ölkələrdə icbari tibbi sığorta sistemi çoxdan tətbiq olunur. Biz də müasirliyə doğru gedirik. Biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik. İnkişaf etmiş ölkələrin təcrübəsi, əlbəttə ki, müsbətdir. Biz isə bunu sınaq, pilot layihə kimi icra etməyə başlayırıq və 2017-ci il bu istiqamətdə önəmli il olmalıdır.
Sosial infrastruktur layihələri ilə bağlı artıq konkret tapşırıqlar var. Təhsil Nazirliyinin xətti ilə bu il təxminən 130-a yaxın məktəbdə təmir və tikinti işləri aparılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti isə bu il və gələn il Bakıda təmirə ehtiyacı olan qalan məktəblərdə də təmir işlərini yekunlaşdırmalıdır. Artıq bir neçə ildir ki, bu proqram icra edilir. Bakının əksər məktəbləri ya yenidən tikilib, ya əsaslı təmir olunub, yeni korpuslar inşa edilib. Hələ ki, bir neçə təmirsiz məktəb qalır və biz bu il, gələn il buna da artıq son qoymalıyıq”.
Prezident qeyd edib ki, Gənclər və İdman Nazirliyi bu il Abşeron və Ağcabədi Olimpiya İdman komplekslərini istifadəyə verməlidir. Hazırda inşası gedən digər Olimpiya komplekslərində də işlər davam etdirilməlidir.
İlham Əliyev bildirib ki, “Dövlətqaçqınkom”un xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur: “Qeyd etməliyəm ki, son illər ərzində məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilmişdir. 200 mindən çox məcburi köçkün o binalara yerləşdirilmişdir. Bütövlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il yeni binalar tikilməlidir. Yerlər ayrılıbdır. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulur. Çünki artıq orada infrastruktur var və əlavə infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilmişdir ki, Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də bu il başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, biz bu il və bundan sonrakı illərdə bu yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Bir daha demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib. İndi hesablamalar, layihələndirmə işləri aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır.
Bildiyiniz kimi, Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir. Bu kənd bir neçə ay işğal altında olub. Sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdir. İşğalçılar, düşmənlər o kənddən qovulmuşlar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan ediblər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, sonra isə infrastruktur layihələri icra olunmalıdır. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər”.
Azərbaycan Prezidenti bildirib ki, indi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar: “Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik. Nəyə görə? Çünki buraxmırlar. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, biz bu işlərə çox əsaslı yanaşmalıyıq və qeyd etdiyim kimi, orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Ancaq mən göstəriş vermişəm ki, kəndin masterplanı hazırlansın. Əminəm ki, gələcəkdə orada 100, ya da 200 ev tikiləcəkdir. Əlbəttə ki, orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır. Həm əkin sahələri, digər iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq”.
Dövlət başçısı deyib ki, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir: “Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu rəqəmlər həm görülən işləri əks etdirir, həm də onların görüləcək işlərlə bağlı əhəmiyyəti var. Beləliklə, bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlər aşağıdakı kimidir: mal əti – özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent mövcuddur. Qoyun əti – 99 faiz və cəmi 2 faiz xarici komponent. Süd və süd məhsulları – özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal vardır. Əmtəəlik yumurta – 99 faiz. Burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Bax, bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir.
Bitki yağları – özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Yəni, əslində, bitki yağları və marqarinin istehsalı sadəcə olaraq iş yerlərinin yaradılmasına xidmət edir. Bunun faydası bundadır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Ona görə çalışmalıyıq və o cümlədən biznes qurumları çalışmalıdırlar ki, həm bitki yağlarının istehsalının həcmi artsın, eyni zamanda, bu, daxili xammal əsasında istehsal edilsin.
Kərə yağı – 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri də nəzərə alsınlar.
Buğda – özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Bu, azdır. Əminəm ki, yeni iri fermer təsərrüfatlarının fəaliyyəti nəticəsində biz özümüzü buğda ilə daha da böyük səviyyədə təmin edə bilərik. Arpa – 102 faiz, qarğıdalı – 71 faiz, soya – cəmi 4 faiz. Özümüzü meyvə və giləmeyvə ilə 122 faiz təmin edirik. Ancaq burada siyahı var, yəqin ki, konfransın ikinci hissəsində bu məsələ daha da detallı müzakirə ediləcək. Mən bütün bu meyvə növlərini sadalamaq istəmirəm. Lakin elə növlər var ki, biz özümüzü təmin edə bilmirik. Bu da təəssüf doğurur. Ancaq bütövlükdə meyvə, giləmeyvə bizim vacib ixrac məhsulumuzdur.
Bütün növ tərəvəz – burada da ümumi rəqəm 96 faizdir. Hesab edirəm ki, bu, azdır. Ancaq, misal üçün, kartof 86 faiz, bir qədər aşağı düşüb, pomidor 120 faiz, xiyar 105 faiz. Çay – özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var. Duz ilə isə özümüzü 100 faiz təmin edirik və xarici komponent ancaq 5 faizdir. Bu, çox yaxşı göstəricidir. Bir neçə il bundan əvvəl biz demək olar ki, duzun hamısını idxal edirdik.
Şəkər və şəkərdən hazırlanan məhsullar – özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıbdır. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.
Makaron məmulatları – özümüzü cəmi 38 faiz təmin edirik, bunun içində də 95 faiz xarici xammal var. Bal – 97 faiz”.
Prezidentin sözlərinə görə, bir tərəfdən əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik: “Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, - təbii, o vaxt bölgü aparılırdı, - Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq. Əlavə tədbirlər nəticəsində və bayaq qeyd etdiyim, bu 150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu doldura bilərik, eyni zamanda, çox böyük ixrac imkanımız da yaranacaq.
Mən kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm. Pambıqçılıq indi Azərbaycanda sürətlə inkişaf edir. Burada rəqəmlər səsləndi. Biz keçən il 51 min hektardan 90 min tona yaxın pambıq tədarük etmişik. Bu il isə 100-120 min hektarda pambıq əkiləcək və biz təqribən 200 min ton pambıq gözləyirik. İyirmi yeddi rayonda pambıqçılıq inkişaf edib”.
İlham Əliyev əlavə edib ki, bu sahə bilavasitə Mingəçevirdə yaradılmaqda olan sənaye parkının fəaliyyəti ilə bağlıdır: “Çünki Mingəçevirdə keçən il təməlini qoyduğum zavodların bir neçəsi bu ilin sonuna qədər artıq istifadəyə verilməlidir. Orada ipliklə bağlı və digər sahələr üzrə 10-a yaxın zavod fəaliyyət göstərəcək. Pambıqçılıq da bilavasitə, bax, bu sənaye zonasının inkişafına xidmət göstərəcək. Beləliklə, biz ixracdan daha da böyük vəsait əldə edəcəyik. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Çünki 100 mindən çox, bəlkə də 150 min insan pambıqçılıqda işləyəcək.
Baramaçılıqla bağlı görülən operativ tədbirlər nəticəsində bu sahəyə də böyük təkan verildi. Hazırda 37 rayonda baramaçılıqla məşğuldurlar. Dövlət öz vəsaiti hesabına bütün lazımi məsələləri həll edir, tingləri gətirir və baramaçılıq da inkişaf edir. Keçən il 70 ton yaş barama tədarük olunub. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton və bəlkə də bundan çox yaş barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir.
Fındıqçılıqla bağlı burada rəqəmlər səsləndi. Cəmi bir il ərzində fındıq əkini sahələri dövlət hesabına təxminən 40 faiz artmışdır. Fındıq kənd təsərrüfatı məhsulları arasında bu gün ən çox valyuta gətirən məhsuldur. Bu sahənin inkişafına bizim təbii iqlimimiz də imkan verir. Fındıqçılıq indi 13 rayonda inkişaf etdirilir və biz fındıq bağlarının sahəsini 80 min hektara çatdırmalıyıq. Əgər bu gün bu bağların sahəsi təqribən 30-35 min hektardırsa, biz bunu 80 min hektara çatdırmalıyıq və beləliklə, iki dəfədən çox gəlir əldə ediləcək və vətəndaşlar iki dəfə çox pul qazanacaqlar.
Şəkər çuğunduru ilə bağlı mən qeyd etdim, bizdə artıq təhlillər aparılıb və təqribən 30-40 min hektarda şəkər çuğunduru əkilməsi müəyyənləşdirilib. Orada istehsal olunacaq məhsul şəkər emalı zavoduna göndəriləcək və bu müəssisə xarici xammaldan - şəkər qamışından asılılığı böyük dərəcədə azaldacaq. Beləliklə, valyuta xaricə getməyəcək, - çünki şəkər qamışının alınmasına böyük vəsait gedir, - əlbəttə ki, bunun kənd təsərrüfatının inkişafına çox böyük xeyri olacaq.
Meyvə - xurma, nar bağlarının salınması üçün artıq müvafiq göstərişlər verilib. Bunlar ən çox gəlir gətirən sahələrdir. Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması nəzərdə tutulur. Əfsuslar olsun ki, biz özümüzü bu məhsullarla təmin edə bilmirik. Halbuki bu da həm daxili bazar, həm də ixrac üçün çox qiymətli məhsuldur.
Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlər görülür, yeni bağlar salınacaq. Biz zeytun ixracını artırmalıyıq.
Tütünçülüklə bağlı müvafiq göstərişlər verilib. Biz tütünün istehsalını üç dəfə artırmalıyıq. Əlbəttə ki, xarici bazarları müəyyən etməklə paralel olaraq, tütün istehsalı 10 min tona çatdırılmalıdır. Biz həm ölkə daxilində istehsalı artırmalıyıq, eyni zamanda, xarici bazarlara çıxış əldə etməliyik. Bu istiqamətdə artıq müvafiq tapşırıqlar verilib, kontraktlar bağlanıb. Bu da çox gəlirli bir sahədir.
Üzümçülük və şərabçılıqla bağlı tədbirlər nəzərdə tutulur. Biz, əlbəttə, indiki səviyyə ilə razılaşa bilmərik. Bu gün burada assosiasiyaların rəhbərləri çıxış etdilər. O assosiasiyaların bir çoxu bizim tövsiyəmizlə keçən il yaradılıb. Çünki biz gərək hər bir istiqamət üzrə mərkəzləşmiş siyasət aparaq. Şərabçılar Assosiasiyası çalışmalıdır ki, xarici bazarlara dövlətin dəstəyi ilə daha böyük həcmlə çıxaq. İndi burada rəqəm səsləndi, biz cəmi üç milyon yarım dollar dəyərində məhsul ixrac edirik. Əlbəttə, Azərbaycan kimi ölkə üçün bu, çox aşağı səviyyədir. Biz bunu 10 dəfə, bəlkə də 20 dəfə artırmalıyıq və buna imkan var. Çünki indi bizdə yeni üzüm bağları salınır, kifayət qədər üzüm emalı, şərab zavodlarımız var, onlar tam gücü ilə işləmir. Yəni, burada çox ciddi dövlət siyasəti aparılmalıdır. Üzümçülük, şərabçılıq çox gəlirli sahədir və biz artıq kontraktlar imzalamışıq. Dost, tərəfdaş ölkələrlə indi danışıqlar aparılır ki, onlar öz bazarlarında Azərbaycan şərabı üçün müəyyən bir yer ayırsınlar. Bu proses artıq keçən il başlayıb, bu il daha da geniş vüsət alacaq.
Soya əkini. Biz soyanın alınmasına ildə 50-60 milyon dollar xərcləyirik. Halbuki soyaya olan daxili tələbatımızı 1-2 il ərzində tam ödəyə bilərik və pul ölkəmizdə qalacaq. Soya da ixracyönümlü məhsuldur. Biz soya əkini sahələrini artırsaq, bu məhsulu da çox böyük uğurla ixrac edə bilərik.
O ki qaldı, taxılçılığa, bu, strateji sahədir. Düzdür, bu, böyük gəlir gətirən sahə deyil. Əgər digər kənd təsərrüfatı məhsulları ilə müqayisə etsək, bəlkə də ən az gəlir gətirən sahədir, amma bu, strateji sahədir. Ona görə biz kömək göstəririk ki, böyük fermer təsərrüfatları, aqroparklar yaradılsın, məhsuldarlıq artsın, keyfiyyət yaxşılaşsın. Biz indiki 53 faizdən daha da yüksək faizə nail olmalıyıq ki, özümüzü təminetmə səviyyəsinə çataq. Beləliklə, idxaldan da asılılıq azalacaq. Çünki bu gün təqribən 250-300 milyon dollar ətrafında vəsait ancaq bu məqsədlər üçün xaricə gedir. Taxılçılığın, əlbəttə, suvarma ilə bağlı problemləri var. Bu da həll olunacaq, məhsuldarlıq artacaq, bu sahəni texnika ilə təmin etmişik. Azərbaycanda gübrə zavodu tikilir və əminəm ki, ən geci gələn il istifadəyə veriləcək. Ona görə gübrə ilə bağlı artıq xaricə valyuta getməyəcək. Azərbaycanda pestisid istehsalı da qurulmalıdır. Bu il işlər başlamalıdır ki, biz pestisidləri də xaricdən almayaq”.
Dövlət başçısı qeyd edib ki, yəni, bir sözlə, idxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik:
“Süd və süd məhsullarının istehsalını artırmaq üçün əlbəttə ki, heyvandarlıq inkişaf etməlidir. Verilən rəqəmlərə görə, əlavə 50 min baş cins mal-qara gətirilərsə, yaxud da ki, ölkəmizdə görülən tədbirlər nəticəsində biz ona nail olsaq, beləliklə, bu problemi də həll edəcəyik. Yeni süd zavodlarının tikilməsi nəzərdə tutulmalıdır və heyvandarlıq səmərəli şəkildə inkişaf etdirilməlidir.
Əkin sahələri ilə bağlı burada deyildi. Əlbəttə ki, səmərəsiz istifadə olunan örüş sahələrini biz əkinə cəlb etməliyik. Ancaq burada işlərimizi çox böyük dəqiqliklə aparmalıyıq. Bu, kortəbii surətdə kütləvi xarakter almamalıdır. Çünki bizə örüş sahələri də lazımdır. İndi müəyyənləşdirmək lazımdır ki, örüş sahələrindən harada normaya görə az istifadə olunur. Əlbəttə, hər bir sahəyə, hər bir yerə fərdi qaydada baxılmalıdır. Biz burada bir sahəni inkişaf etdirə, amma digər sahəyə ziyan vura bilərik. Ona görə Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları, İqtisadiyyat Nazirliyi bu məsələlərə diqqətlə baxmalıdırlar. Çünki burada düşünülmüş və əlaqələndirilmiş siyasət aparılmalıdır”.
Prezident bildirib ki, əfsuslar olsun ki, bizdə yun tədarükü ilə bağlı işlər lazımi səviyyədə qurulmayıb: “Mən maraqlanmışam, bizdə cəmi bir tədarük məntəqəsi var. Bu, əlbəttə ki, qəbuledilməzdir. Bu il müxtəlif bölgələrdə ən azı 10 tədarük mərkəzi yaradılmalıdır. Burada da həm daxili istehsal, həm də xaricə ixrac etmək üçün mərkəzləşdirilmiş siyasət aparılmalıdır. Biz bu imkanlardan da istifadə etməliyik və burada əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Burada həm tədarük, həm cins, həm də ixrac potensialı məsələləri var. Hər bir sahədən istifadə etməliyik ki, neftdən gələn valyutanın azalmasını biz müəyyən dərəcədə digər sahələrlə bağlaya bilək.
Çayçılığı da inkişaf etdirməliyik. Biz çay plantasiyalarımızı genişləndiririk və eyni zamanda, ən müasir texnologiyalar Azərbaycana gəlməlidir. Burada məhsuldarlıq daha da böyükdür. Bu, həm məşğulluqdur, həm də ki, idxaldan asılılığın azalmasıdır.
Arıçılıq üçün çox gözəl təbii şəraitimiz var. Biz indi müəyyən dərəcədə bal ixracına başlamışıq. Ancaq biz bunu daha kütləvi qaydada edə bilərik”.
İlham Əliyev vurğulayıb ki, xüsusilə, Azərbaycanda yetişdirilən bütün bu məhsullar təbiidir və xaricdə onlar çox yüksək qiymətləndirilir: “Bazarlara çıxmaq üçün əlbəttə ki, müxtəlif reklam kampaniyaları aparılmalıdır və təqdimatlar keçirilməlidir. Bu işlər icra edilir, amma bu işlərə daha da böyük təkan verməliyik. Biz aqroparkların sayını ən azı 10-a çatdırmalıyıq. İndi iki aqropark yaradılır, onların sayı 10-a çatmalıdır. Əgər belə olarsa, əminəm ki, dediyim məsələlər öz həllini tapacaq. Keçən il bütövlükdə inkişafla bağlı müxtəlif istiqamətlər üzrə strateji yol xəritələri qəbul edilmişdir. Orada hər şey göstərilib. Qəbul edilmiş regional dövlət proqramında da əsas hədəflər göstərilib. Sadəcə olaraq hər il biz düzəlişlər edirik və daha vacib olan məsələləri əlbəttə ki, diqqətdə saxlayırıq.
Sənaye istehsalı ilə bağlı. Sənaye zonalarının yaradılması prosesi gedir. Artıq bu sahədə işlər yoluna düşür, həm Sumqayıtda, həm də Mingəçevirdə sənaye zonalarının təməli qoyulubdur. Burada çıxış edən nümayəndə Neftçala sənaye zonasında görülən işlərlə bağlı danışdı. Masallıda və digər rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı işlər gedir.
Tikinti materialları ilə özümüzü təminetmə səviyyəmiz haqqında da bəzi rəqəmləri səsləndirmək istəyirəm. Sement - özümüzü 100 faiz təmin edirik. Azərbaycanda artıq bir neçə sement zavodu fəaliyyət göstərir. Əvvəllər biz xaricdən, idxaldan asılı idik. Artıq Bakıda, bölgələrdə sement zavodları fəaliyyət göstərir. Yəni, bu sahə artıq idxaldan asılı deyil. Özümüzü əhənglə 90 faiz, gipslə 235 faiz, kərpiclə 100 faiz, mərmər-travertin ilə 46 faiz, beton-tikinti blokları ilə 100 faiz, alçipanla 100 faiz, metal konstruksiyalarla 32 faiz, armaturla 72 faiz, alüminium və ondan alınan məmulatlarla 231 faiz təmin edirik. Hesab edirəm, bunlar da kifayət qədər yaxşı göstəricilərdir və baxmaq lazımdır, əlavə hansı işlər görülməlidir ki, o sahədə də addımlar atılsın. Düzdür, keçən il investisiya qoyuluşu aşağı düşdüyünə görə inşaat sektoruna daha da az vəsait yatırıldı. Ancaq bu, müvəqqəti bir məsələdir. Artıq görülən tədbirlər nəticəsində inşaat sektoruna ciddi təkan veriləcəkdir. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə artıq birinci şəhərcik inşa edilməyə başlayıb. Orada 30-a yaxın binanın tikilməsi nəzərdə tutulur. Növbəti 1-2 il ərzində “Ağ şəhər”də 60 bina tikiləcəkdir. Bakı şəhərində köçürülmə yolu ilə icra ediləcək layihələrin sayı da 60-a yaxındır və onlarla fərdi qaydada yeni binalar tikilir. Yəni, inşaat sektoruna bunun çox böyük dəstəyi olacaqdır”.
Prezident xatırladıb ki, xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı: “Artıq “Azərxalça”nın ilk filialı Horadiz şəhərində açıldı. Mən özüm orada iştirak etmişəm. Bu il bu filialların sayı 10-a çatdırılmalıdır. Biz həm ənənəvi sənətimizi yaşatmalıyıq, eyni zamanda, xalçaçılıq sənayesini də yaratmalıyıq. Həm əl ilə, həm maşınlarla toxunan xalçalar Azərbaycanı dünyada təbliğ etməlidir və bu da böyük bir gəlir mənbəyinə çevrilməlidir.
Turizmlə bağlı görülmüş işlər, - burada rəqəmlər səsləndi, - Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə vizalarla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə, Azərbaycanda zəngin mədəni irs var. Tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - otellər, istirahət zonaları. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilmişdir. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda, qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var və viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda, bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”.
Dövlət başçısı bildirib ki, xarici bazarlara çıxmaq üçün indi dövlətlərarası səviyyədə işlər görülür: “Mən öz həmkarlarımla görüşlər əsnasında həmişə bu mövzunu ortaya qoyuram ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirsin. Biz qərara gəldik ki, bir neçə ölkədə Azərbaycan ticarət evləri yaradılsın. Bu istiqamətdə işlər gedir. Bu, həm təbliğat üçün önəmlidir, eyni zamanda, ixrac imkanlarımız da genişlənə bilər. Yaxın zamanlarda belə ticarət evlərinin açılması nəzərdə tutulur. Bu qurumun fəaliyyəti hələ ilkin mərhələdədir. Əgər işlər düzgün qurulsa və belə də olmalıdır, bu qurumun çox böyük əhəmiyyəti ola bilər. Beləliklə, bu, bir neçə məqsədi güdmüş olur. Həm yetişdirilən məhsul batmayacaq, həm də fermer məhsulunu tarla başında satacaq və pulunu alacaq. Bunun sayəsində məhsulun həm daxili bazara, həm də ixraca mərkəzləşdirilmiş qaydada çıxarılması təmin edilə bilər”.
Azərbaycan Prezidenti deyib ki, bu il iki “ASAN xidmət” mərkəzi açılmalıdır, Quba və Mingəçevir şəhərlərində. Daha iki şəhərdə - İmişlidə və Şəkidə mərkəzlər inşa ediləcək. Yəqin ki, onların açılışı 2018-ci ildə olacaq:
“Bir daha demək istəyirəm ki, sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür. Mən çıxışımın əvvəlində də bu məsələyə toxundum. Fermerlərə böyük güzəştlər edilir. Onlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Suvarma işləri aparılır, infrastruktur yaradılır. Güzəştli şərtlərlə kreditlər, yanacaq, gübrə, subsidiyalar, metodik tövsiyələr verilir. Dövlət, eyni zamanda, öz hesabına fındıq və tut tinglər gətirir. Pambıqçılıqla bağlı dövlət xətti ilə böyük işlər görülür, texnika alınır, suvarma tədbirləri həyata keçirilir. Yəni, bütün bunları biz edirik ki, yerlərdə yaşayan insanlar bu imkanlardan istifadə etsinlər. Bu, onların güzəranının yaxşılaşdırılması üçündür. Eyni zamanda, bu il 42 min ictimai iş yeri açılacaq. Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün açılır. Bu işlər ictimai işlərdir. Bölgələrdə təmir-tikinti ilə, yaşıllıq zonalarına xidmətlə bağlı iş yerləri açılacaq. Dövlət şirkətlərinin xətti ilə də bu cür iş yerləri açılacaq. Yalnız ictimai xidmətlər istiqamətində 42 min iş yeri açılacaq. Görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq.
Mən ixracla bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu yaxınlarda azexport portalı yaradıldı. Orada Azərbaycanda istehsal olunan ixracyönümlü bütün məhsullar qeyd edilir. Bütün istehsalçılar, - mən onlara da müraciət edirəm, - qoy öz məhsullarını həmin o portala daxil etsinlər, həm ictimaiyyət bunu görsün, həm də ki, bu, onların da xeyrinədir. Çünki onların ixrac potensialı artacaq. Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək. Bax, budur, bizim əsas inkişaf konsepsiyamız. Bununla bərabər, onu da qeyd etməliyəm ki, mən dəfələrlə demişəm, biz artıq postneft dövründə yaşayırıq. Bunu mən o mənada deyirəm ki, dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək”.
Prezident vurğulayıb ki, Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək: “Yəni, bu amil daim var və bu, bizə həmişə güclü bir dəstək kimi kömək edəcək. Ancaq biz işimizi elə qurmalıyıq ki, sanki bu, yoxdur. Bax, bugünkü konfransın, ümumiyyətlə, inkişafla bağlı tədbirlərimizin məqsədi bundan ibarətdir. Nəticə olaraq, biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.
Çünki biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun. Xoşagəlməz hallara son qoyulmalıdır. “ASAN xidmət”i biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənilmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni, bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Əgər orada mümkündürsə, deməli, hər yerdə mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar.
Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq. Sağ olun”.

Tehsil-press.az

Oxşar xəbərlər