İlham Əliyev: Bizim təcrübəmizi indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər

İlham Əliyev: Bizim təcrübəmizi indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər Bizim təcrübəmizi indi bir çox ölkələr istifadə edir, bizi nümunə kimi göstərirlər.

Tehsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Prezident İlham Əliyev deyib ki, kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb. Yüz minlərlə hektar torpaqda meliorativ vəziyyət yaxşılaşdırılıb və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb:
"4 su anbarı tikilmişdi, xüsusilə onlar arasında Taxtakörpü və Şəmkirçay ən böyük su anbarlarıdır. Qeyd etmək istəyirəm ki, Tovuzçay, Göytəpə su anbarları tikilmişdi. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır. Əfsuslar olsun ki, təbiət belə gətirib ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır, ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, infrastruktur və rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də əkin sahələrini biz genişləndirə bilək. Bu, çox böyük investisiya tələb edən sahədir və hesab edirəm ki, bu sahədə əsas işlər görülüb, görüləcək işlər haqqında bir qədər sonra mən öz fikirlərimi bildirəcəyəm. Beləliklə, birinci proqramdan sonra deyə bilərəm ki, əsas infrastruktur layihələri icra edilib. Çox şadam ki, biz qısa müddət ərzində bunu da etdik. Mən həmişə çalışırdım ki, biz vaxt itirmədən bunları edək. Ölkəmizin inkişafı və gələcəyimiz üçün bu zəruridir. Bu infrastruktur bundan sonra on illiklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Bu, bizim dövlətimizi böyük dərəcədə gücləndirmişdir. Elə bir imkan yaratmışdır ki, bu gün Azərbaycanda istənilən sahəyə investisiya qoymaq istəyən qurumlar fəallaşır".
Dövlət başçısı əlavə edib ki, investisiya ancaq o yerə qoyulur ki, orada artıq baza infrastrukturu var:
"Əgər investor hansısa iş görmək istəyirsə, görsə ki, işıq, qaz, su yoxdur, heç vaxt ora investisiya qoymaz. Yaxud, heç bir investor öz hesabına infrastruktur layihələrinə pul qoymaz, bu, dövlətin işidir. Biz bunu görmüşük. Daxili və xarici investorlar üçün. O ki qaldı, daxili biznes qurumlarının fəaliyyətinə, deyə bilərəm ki, bu illər ərzində Azərbaycanda güclü biznes sinfi - fəal, milli biznes sinfi formalaşıb. Əlbəttə ki, dövlət də bu sahədə öz dəstəyini əsirgəmir. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğul oluram. Onlara həmişə siyasi və maddi dəstək də verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir iş görmək mümkün deyil. Bir də ki, riskli yerlərə, ölkələrə heç bir biznesmen, iş adamı heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddı dəstək - bax bu faktorlar hesab edirəm ki, milli biznes sinfini formalaşdırır. Son illər ərzində, 2004-cü ildən bu günə qədər təxminən 2 milyard manat dəyərində Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək verib. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni, artıq dövlət bu yükü öz üzərindən kənara qoyub. Məqsəd də ondan ibarətdir ki, hər il böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq, bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı, vaxt gəldi ki, artıq dövlət büdcədən pul ayırmır və qaytarılmış kreditlər hesabına biz bunu edirik".
İlham Əliyev qeyd edib: "Bu da hesab edirəm ki, bir yenilikdir. Mən xatırlamıram ki, bu formada hər hansı bir ölkədə biznes strukturlarına dövlət tərəfindən yardım göstərilsin. Onu da qeyd etməliyəm ki, bizim təcrübəmizi indi bir çox ölkələr götürürlər, istifadə edirlər və bizi nümunə kimi göstərirlər. Ona görə, infrastruktur layihələrinin icrası, bununla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması da vahid bir proqram çərçivəsində uğurla icra edilir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir, dayanıqlı inkişafa nail olmaqdır və əlbəttə ki, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni bütün bu işləri biz xalq üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə də sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur. Maaşların, pensiyaların artırılması, sosial müavinətlərin artırılması, ünvanlı sosial yardımın həcminin artırılması, eyni zamanda, sosial infrastrukturun yaradılması məqsəd kimi qarşımıza qoyulmuşdur".

Tehsil-press.az

Oxşar xəbərlər