
Səni
Ülvi salamlarla, ay İlyas qağa,
Görüşə səsləyir bu dağlar səni.
Vədə çatdı, el qayıtdı qışlağa,
Arayır kimsəsiz yaylaqlar səni.
Baldırğanlar, quzqulaqlar quruyub,
Zirvələri çisgin, duman bürüyüb.
Comaların bel kərəni çürüyüb,
Xatırlar gəzdiyin oylaqlar səni.
“Arxaşan”, “Çümbüzlü”, “Çay yurd” yaylağı,
“Şırşır”, “Kığlı”, “Məsmə”, “Sayalı” bulağı,
“Qanlı dağ”, “Buzxana”-şəfa ocağı,
Qol açıb həsrətlə qucaqlar səni.
Qalmayıb qarağat, moruq, çiyələk,
Arxaclarda ağarışır göbələk.
Nağıltək xatırlar o küskün mələk,
Bir də o cığırlar, çaylaqlar səni.
Bıçaqla ağaca yazdığın o ad,
Çoxdan sənsizləşib, qoparır fəryad.
Səsləyir o sevgi, o ləzzət, o dad,
Yelləncək qurduğun budaqlar səni.
Yurd yeriniz çoxdan uçub, tökülüb,
Pərdiləri zaman kimi sökülüb.
O qız da qocalıb, beli bükülüb,
Öpüşə səsləyir bulaqlar səni.
Kərəməm, yetişdi ömrün payızı,
Başa qırov saldı qışın ayazı.
Pozulub üstünə yazdığın yazı,
Arayır həmin o yarpaqlar səni!...
Kərəm Nəbiyev
AJB-nin üzvü, H.B.Zərdabi Qran-pri və bir sıra
Beynəlxalq müsabiqələr laureatı