Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq, bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirmişdir. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd etmişdir. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu qeyd etmişdir: “Ölkələr və xalqlar arasında dialoq və qarşılıqlı anlaşma başlıca şərtdir. Soyuq və qaynar müharibələr bəşəriyyəti fəlakətə sürükləyir, güc yolu ilə heç bir problemi həll etmək mümkün deyil”.
Qonaq 1991-ci ildə SSRİ-nin ləğv edilməsinə imza atarkən məhz məqsədlərinin müasir dünyada soyuq müharibələrdən, qarşıdurmalardan qaçmaq olduğunu bildirmişdir.
Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış etmiş, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır.
BSU-nun Mətbuat Xidməti


