UNİCEF məsləhətçisi körpələrin ana südü ilə qidalanması mövzusunda görüş keçirib

UNİCEF məsləhətçisi körpələrin ana südü ilə qidalanması mövzusunda görüş keçirib Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında klinika rəhbərliyi ilə UNİCEF-in Azərbaycandakı ictimai səhiyyə və rabitə məsləhətçisi Gleen Laverack arasında görüş keçirilib.
Görüşün məqsədi ingiltərəli mütəxəssisi ölkəmizdə körpələrin qidalanması ilə əlaqədar mövcud vəziyyətlə tanış etmək və bu sahədə UNİCEF-in təqdim etdiyi vasitələrdən yararlanmağın mümkünlüyünü müzakirə etməkdən ibarət idi.
Gleen Laverack UNİCEF-in müstəqil məsləhətçisi kimi ana südü ilə qidalanma sahəsində araşdırma apardığını və bir sıra qurumlarda görüşlər keçirdiyini qeyd edib. O, tədqiqatın dolğunluğu və faktlarla əsaslandırılması üçün Tibb Universitetinin təcrübəsi ilə tanış olmaq arzusunu bildirib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev əcnəbi qonağa klinika, xüsusilə ginekologiya şöbəsinin fəaliyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, 2013-cü ildən fəaliyyətə başlayan tibb ocağında cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra və 24 şöbə fəaliyyət göstərir. Klinikanın laboratoriyalarında dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir tələbata cavab verən biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar müəssisədə yüksək səviyyəli araşdırmalar aparılmasına imkan verir.
Görüşdə UNİCEF məsləhətçisini maraqlandıran suallara cavablar verilib. Müzakirə zamanı qeyd edilib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizdə körpələrin ana südü ilə qidalandırılması arzu olunan səviyyədə deyil. Bu sahədə maarifləndirməni gücləndirmək məqsədilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Həmin tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir.
Görüşdə Tibb Universitetinin I mama-ginekologiya kafedrasının müdiri Hicran Bağırova, II mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva, Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və kafedranın əməkdaşları iştirak ediblər.

ATU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər