Adəm ağacı – həyat ağacı

Adəm ağacı – həyat ağacı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında xaricdən gətirilmiş ağaclar çoxdur. Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən hədiyyə edilmiş 6 ədəd sakura ağacı bağa xüsusi gözəllik verir.

Bağın kolleksiya sahəsini bəzəyən Adəm ağacı isə Çindən gətirilib. Çinin savannalarında yetişən bu ağac suya çox tələbkar olsa da son dərəcə gözəl dekorativ bitkidir. Hələ yarpaqlamamış büsbütün çiçək açır.
Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən Vahid Fərzəliyev deyir: “Bu, bizim üçün yeni ağacdır, təxminən 5-6 il əvvəl əkmişik. Hazırda bu ağacın çoxaldılması ilə məşğuluq. Bu il yüzlərlə şitil əldə edəcəyik. Hansı iqlim şəraitinə uyğun gəldiyini öyrənmək üçün bu ağacı Azərbaycanın müxtəlif rayonlarında əkib təcrübədən keçirmək istəyirik. Adəm ağacı nektarlı olduğuna görə arıçılar üçün də əlverişlidir”.
V.Fərzəliyev bildirir ki, iqtisadi baxımdan əhəmiyyətli olduğuna görə dünyada süni meşələrin salınmasında Adəm ağacından çox geniş istifadə olunur. Çünki ağacın oduncağı qiymətlidir. Ona görə də Avropada, xüsusilə Serbiyada çox sürətlə çoxaldılaraq süni meşələr yaradılır ki, insanlar ağacları kəsməsinlər, oduna olan tələbatlarını ödəsinlər. Təxminən 8 ilə bu ağac odun üçün yararlı hala gəlir. Adəm ağacı, həm də ona görə qiymətli hesab olunur ki, oduncağından yüksək keyfiyyətdə musiqi alətləri hazırlanır.

Afət Abbasova

Oxşar xəbərlər