MÜASIR AZƏRBAYCANIN QURUCUSU

MÜASIR AZƏRBAYCANIN QURUCUSU Azərbaycanın taleyində böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan dahi şəxsiyyətlər arasında ulu öndər Heydər Əliyevin müstəsna yeri var. Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi yoluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhənglərlə - Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll ilə müqayisə edirlər. Çünki, o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi öz missiyasını böyük əzm və şərəflə yerinə yetirmişdir.
Ulu öndərimiz Azərbaycanın müdrik rəhbəri kimi çoxsahəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyə gəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişinə həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır”.
Müstəqilliyimizin reallaşması, dövlətçiliyin xilası və demokratik, hüquqi dövlət quruculuğu məsələləri bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə sinə gərib, müstəqilliyimizi nəinki qoruyub saxladı və həm də əbədiləşdirdi.
Bu gün Azərbaycan Avropa və Asiyanın qovşağında mühüm beynəlxalq loqistika və tranzit mərkəzinə çevrilib.
1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış ”Əsrin müqaviləsi” nəticəsində Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiblisi-Ərzurum qaz ixrac boru kəmərinin reallaşması ölkəmizin dünya bazarında mühüm yer tutmasında, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olmasında həlledici rol oynadı, Azərbaycanın hərtərəfli inkişafında dövlət müstəqilliyinin möhkəmlənməsinə səbəb oldu.
MÜASIR AZƏRBAYCANIN QURUCUSU
Ulu öndərimiz Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya Azərbaycan Respublikasında hüquqi, dünyəvi dövlət quruculuğunu bərqərar etdi. İlk dəfə olaraq dövlətimiz insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.
Ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya həm bugünümüzün, həm də gələcəyimizin əsaslı hüquqi bazasıdır. Ulu öndərimiz Heydər Əliyev ana dilimizin, əlifbamızın və milli-mənəvi dəyərlərimizn bərpası, inkişafı və müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Onun çoxşaxəli fəaliyyəti azərbaycançılıq, türkçülük qayəsi üzərində köklənmişdi. O deyirdi: “Azərbaycana məhəbbət mənim qanımdadır, beynimdədir, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti mənədən ala bilməz”.
Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir.
Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.
Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Böyük öndərimizin titanik fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə özünə layiqli yer tutub, ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığa nail olub. Ardıcıl, düşünülmüş xarici siyasi kurs, Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitində yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırdı. Məhz onun gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intelektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur.
Bütün bunlarla bərbər ulu öndərin diqqət və qayğısı sayəsində respublikamızın bütün təhsil ocaqları kimi Azərbaycan Kooperasiya Universitetinin də həyatında müsbət dəyişikliklər olmuşdur. İstər təhsil və tədrisin yüksəldilməsi, istər maddi-texniki bazanın gücləndirilməsi, istərsə də müasir təlim texnologiyalarının tətbiqi baxımından uğurlu nəticələr əldə olunmuşdur. Qazanılan uğurlar müəllim və tələbə heyətini sevindirir. Aparılmış bu məqsədyönlü daxili və xarici siyasət təhsilimizin və elmimizin bu gününə və gələcəyinə böyük nikbinliklə yanaşmağa zəmin yaradır.
Göründüyü kimi, Azərbaycan dövləti ulu öndərimizin müəyyənləşdirdiyi strateji kursla onun ən layiqli siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə - inkişaf etmiş ölkələr səviyyəsinə doğru inamla irəliləyir.

Eldar Quliyev,
Azərbaycan Kooperasiya
Universitetinin rektoru,
millət vəkili

Oxşar xəbərlər