Heydər Əliyev ideyaları həmişə yaşayacaqdır

Heydər Əliyev ideyaları həmişə yaşayacaqdır Anadan olmasının 94-cü ildönümünü qeyd etdiyimiz ulu öndər xalqının taleyində və dövlətin inkişafında müstəsna xidmətləri olmuşdur.
Məhz onun yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində Azərbaycan öz müstəqilliyini, əbədiliyini təmin etdi, milli dövlətçilik qurdu və yaşatdı. Etiraf etmək lazımdır ki, tarixdə Heydər Əliyev kimi insanlar, tarixi şəxsiyyətlər az-az olurlar və bu şəxsiyyətlərin doğulduğu vətən, ölkə, xalq xoşbəxt hesab olunurlar. Azərbaycan torpağının xalqımıza bəxş etdiyi bu böyük tarixi şəxsiyyət müstəqil dövlətimizin qurucusu və memarı kimi, öz adını əbədi olaraq tarixə yazdı.
Təcrübə göstərir ki, elmə, mədəniyyətə, təhsilə və səhiyyəyə yüksək qiymət verən xalqlar, dövlətlər və dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəklişini təmin edir, eyni zamanda dünya mədəniyyətinə böyük töhfə vermiş olurlar. Bu mənada dahi siyasətçi Heydər Əliyevin elmimizin və təhsilimizin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi bir mərhələ, haqlı olaraq Azərbaycan elminin, təhsilinin intibahı dövrü kimi dəyərləndirilməlidir.
1970-80-ci illərdə ölkəmizdə bütün ixtisaslar üzrə təhsil şəbəkəsinin inkişaf etdirilməsi ulu öndər tərəfindən diqqət mərkəzində saxlanılmış, ali və orta təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Məhz onun təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdir. Bu gün mən bir gənc kimi ulu öndər Heydər Əliyev siyasətinin aparıcı istiqaməti onun daxili ziyalılığının, maarifpərəvərliyinin mühüm təzahürü olub.
Gənc nəsil ümummilli liderimizdən daim atalıq qayğısı görmüşdür. Ulu öndərimiz Heydər Əliyev gənclərə böyük diqqət və qayğı göstərməklə yanaşı, onların qarşısında mühüm vəzifələr qoyaraq deyirdi: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədiliyinə həsr etməkdən ibarət olmalıdır”.
Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.
Dünyada hər şey dəyişir, qalan isə saf əməllərdir. Ulu öndər nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə yaşayacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, o daim yaşayacaq, heç vaxt unudulmayacaq...

Fatimə Quliyeva,
Bakı Biznes və Kooperasiya
Kollecinin direktoru


Heydər Əliyev ideyaları həmişə yaşayacaqdır

Oxşar xəbərlər