Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xuluflu nəşri işıq üzü görüb

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xuluflu nəşri işıq üzü görüb Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xuluflu nəşri işıq üzü görüb. Kitab bu sahədə tədqiqat aparan alimlər, folklorşünaslar, magistrlər, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda “Koroğlu” dastanının özünəməxsus söylənmə, toplanma, nəşr və tədqiq tarixi var. 1920-ci illərin əvvəllərindən “Azərbaycanı Öyrənmə Cəmiyyəti” də “Koroğlu”nun toplanmasına təşəbbüs göstərib. Müxtəlif mətbu orqanlarında eposdan nümunələr, seçmələr, yeni yazıya alınmış parçalar çap olunub. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət göstərənlərdən biri isə folklorşünas alim, professor Vəli Xuluflu idi. 1927-ci ildə V.Xuluflu “Koroğlu”nun iki qolunu – “Toqat səfəri” və “Bağdad səfəri”ni, 1929-cu ildə isə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə “Koroğlu”nun on qolunun yenidən nəşr etdirib.
“Koroğlu” dastanının 1929-cu il nəşrinin önəmli məqamlarından biri “Gürcüstanda yaşayan Ahıska türklərindən Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. “Ahıska türklərində Koroğlu” aşığın söylədiyi mətndir, o dəyişdirilməyib, işlənməyib və redaktə olunmayıb. “Gürcüstan-Ahıska türklərindən Koroğlu” variantını Məhəmməd Bidzinov V.Xulufluya təqdim edib.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər