Səfir Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim edib

Səfir Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim edib Səfir Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının Prezidentinə təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Tehsil-press.az-a verilən məlumata görə, Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda prezidenti Pol Kaqameyə təqdim edib.
Ruanda prezidenti ilə keçirilmiş görüş zamanı səfir E.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını P.Kaqameyə çatdıraraq, Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycanın bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
Ruanda prezidenti P.Kaqame öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və ehtiramının çatdırılmasını xahiş edərək, Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. Prezident P.Kaqame Azərbaycanın sürətli inkişafının ona yüksək təəssürat bəxş etdiyini vurğulayıb.
Ruanda prezidenti səfir E.Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər