Azərbaycan Dillər Universitetində tədbir: “Heydər Əliyevin dil siyasəti”

Azərbaycan Dillər Universitetində tədbir: “Heydər Əliyevin dil siyasəti” Noyabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində “Heydər Əliyevin dil siyasəti” mövzusunda mühazirə dərsi keçirilib.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev çıxışında hər bir xalqın ana dilinin onun milli kimliyi olduğunu vurğulayıb. “Dünyada elə xalqlar var ki, onların müstəqil dövlətləri mövcud deyil, amma dilləri var. Məhz bu dil vasitəsilə həmin xalqlar öz mədəniyyətlərini, ədəbiyyatlarını, musiqilərini yarada biliblər”, - deyə professor bildirib. Azərbaycan dilinin ən gözəl dillərdən biri olduğunu söyləyən A.Babayev onun dünyada ən çox işlənən dillər sırasında 21-ci pillədə qərarlaşdığını deyib. Daha sonra məsələnin siyasi və mənəvi tərəfləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşən professor latın qrafikalı əlifbaya keçidin tarixindən, bu yolda göstərilən səylər və qarşıda duran siyasi maneələrdən söz açıb.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov 1926-cı ilin fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş I Türkoloji Qurultayı türkdilli xalqların həyatında möhtəşəm bir hadisə kimi xarakterizə edib. E.İbrahimov daha sonra ümummilli lider Heydər Əliyevin dil siyasətindən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin dil siyasəti SSRİ dövründən başlayıb. Həmin dövrdə bir xalqın müstəqil dil məsələsini qaldırması asan olmasa da, Heydər Əliyev bu məsələni Konstitusiya səviyyəsində həll edib. E.İbrahimov, həmçinin ölkəmizdə müxtəlif dövrlərdə aparılan əlifba islahatları barədə də fikirlərini bildirib.
Universitetin Azərbaycan dilçiliyi kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən birgə təşkil edilən mühazirə dərsi tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti

Azərbaycan Dillər Universitetində tədbir: “Heydər Əliyevin dil siyasəti”Azərbaycan Dillər Universitetində tədbir: “Heydər Əliyevin dil siyasəti”

Oxşar xəbərlər