Rusiyalı alim Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxuyub

Rusiyalı alim Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxuyub Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) ədəbiyyat kafedrasının müdiri, yazıçı, professor Aleksandr Bondarev Azərbaycan Dillər Universitetində (ADU) görüşlər keçirib.
Universitetin rusiyaşünaslıq, azərbaycanşünaslıq və digər elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının qatıldıqları görüşlərdə A.Bondarev bu ali təhsil ocağında olmaqdan məmnunluğunu ifadə edib. Bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olduğunu deyən dilçi alim Azərbaycanda özünü səmimi mühitdə hiss etdiyini dilə gətirib.
Təmsil etdiyi universitet haqqında ətraflı məlumat verən A.Bondarev pedaqoji fəaliyyətinin onun elmi araşdırmalarında və tezislərində, eyni zamanda, həyatında əhəmiyyətli rol oynadığını bildirib. O deyib: “Mən öz ixtisasımı sevirəm. Auditoriyalarda mühazirə oxuduğum zaman işlədilən bəzi spontan cümlələrin daha sonra sitat, yaxud məqalə kimi qarşıma çıxdığının şahidi olmuşam. Qeyd etmək istərdim ki, müəllim dərsi nə qədər maraqlı tədris edərsə, proqramlaşdırılmamış çıxışlar da daha sonra tələbələrlə maraqlı fikir mübadiləsi ilə nəticələnəcək”.
Müxtəlif ədəbi cərəyanlara, tərcümə sahəsində mövcud yeniliklərə də toxunan dilçi alim filologiya və jurnalistika fakültəsinin tələbələrinə “Ares və Edip: dünya mədəniyyətinin iki qütbü” mövzusunda mühazirə oxuyub. O, mühazirəsində ədəbi və mifoloji əsərlərdə təsvir olunan fərdlər arasındakı münaqişələrin ümumbəşəri konfliktlər səviyyəsində təhlilinin vacibliyindən söhbət açıb. Diqqətə çatdırılıb ki, qəhrəmanların mənəvi dünyasının tədqiq olunması vasitəsilə müasir ədəbiyyat sahəsinə nəzər yetirmək vacibdir. “Ədəbi və mifoloji janrlarda yazılan əsərlərin qəhrəmanlarının daxili təkamül yolları onların hərəkətlərinə sirayət edir. Cilovlana bilməyən emosiyalar qəhrəmanların təlatümlü yüksəlişinə səbəb olur”, - deyə rusiyalı alim bildirib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti

Rusiyalı alim Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxuyub

Rusiyalı alim Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxuyub


Oxşar xəbərlər