BSU-da Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı müzakirə olunub

BSU-da Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı müzakirə olunub Bakı Slavyan Universitetində (BSU) görkəmli Azərbaycan dramaturqu, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı tələbələrin iştirakı ilə müzakirə olunub.
Tədbirdə Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova Azərbaycan yazıçılarının əsərlərində milli mənəvi dəyərlərin üstün mövqe tutmasından söz açaraq bu yazıçıların sırasında İlyas Əfəndiyevin xüsusi yeri olduğunu diqqətə çatdırıb. Nuridə Novruzova qeyd edib ki, tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrini, milli dəyərlərini gənc nəslə aşılamaq, onlarda ədəbiyyata maraq yaratmaqdır. O, “Milli mənəvi dəyərlərimiz və bədii obrazlar” adı altında belə tədbirlərin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.
Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova bildirib ki, İlyas Əfəndiyevin əsərlərində xəlqilik prinsipləri, lirik psixoloji üslub, retrospektiv məqamlar müasir dövrlə yaxından səsləşir. “Sarıköynəklə Valehin nağılı” romanında milli dəyərləri əks etdirən parçalardan nümunələr gətirən S.Əsgərova ədəbiyyat və incəsənətlə bağlı yazıçının öz səs yazısı əsasında hazırlanmış slaydı təqdim edib.
BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rüstəm Kamal İlyas Əfəndiyevin xalqın içindəki işığı üzə çıxarmağı bacaran nadir yazıçılardan biri olduğunu deyib: “İlyas Əfəndiyevin nəsrinin məsamələrində musiqi dolaşır. Onun əsərlərində yaratdığı bütün qəhrəmanlar sanki mahnı oxuyur. Yazıçı üslubunun səlisliyi, axıcılığı ilə istənilən oxucunu özünə cəlb edə bilir”. İlyas Əfəndiyevin əsərlərinə verdiyi ad ilə əsərin mövzusu arasında qırılmaz tellər olduğunu deyən professor qeyd edib ki, “Sarıköynəklə Valehin nağılı” romanında personajların daxili aləmi epik təfəkkür üçün olduqca rəngarəng canlandırılıb.
Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova unudulmaz sənətkar İlyas Əfəndiyevlə bağlı uşaqlıq xatirələrini bölüşüb. Prorektor bildirib ki, yazıçının əsərlərində sevgi dastanı, real həyat hadisələri parlaq şəkildə təsvir olunub. İlyas Əfəndiyevin yaradıcılığının Lev Tolstoyun yaradıcılığı ilə yaxından səsləşdiyini söyləyən X.Sultanova qeyd edib ki, hər iki ədibin əsərlərindəki ruh yüksəkliyi, sadəlik, milli dəyərlərə bağlılıq oxucuya öz qəhrəmanını sevdirir.
BSU-nun Jurnalistika kafedrasının dosenti, “Azərbaycan” jurnalının redaktor müavini Südabə Ağabalayeva deyib: “Hər bir yazıçı öz dövrünün övladıdır. İlyas Əfəndiyev özündən sonrakı dövrlərə tükənməz yaradıcılıq irsi qoyub getdi”. İlyas Əfəndiyevin əsərlərində yaratdığı kişi obrazlarını Məcnun obrazı ilə müqayisə edən S.Ağabalayeva yazıçı ilə bağlı apardığı araşdırmalarından söz açıb.

BSU-nun Mətbuat Xidməti


BSU-da Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı müzakirə olunub

BSU-da Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı müzakirə olunub

Oxşar xəbərlər