BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində olub

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində olub Bu gün BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə kollektivi arasında böyük görüş olub.
Tədbirdə həmçinin, BP və digər neft şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici media nümayəndələri iştirak ediblər. BANM-in kampusunun Konqres zalında baş tutan tədbirdə Q.Counz “Liderlik” mövzusunda masterklass keçib.
Tədbiri ilk öncə Ali Məktəbin rektoru Elmar Qasımov bütün iştirakçıları salamlayaraq açıb və Q.Counza BANM-ə verdiyi önəm və eyni zamanda bugunki mühazirəsinə görə dərin təşəkkürünü bildirib. Rektor həmçinin, BP şirkətini Azərbaycanda 25 illik fəaliyyəti münasibətilə təbrik edib və BP-nin ölkəmizdə olan sosial fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. E.Qasımov BANM-ə olan böyük diqqətinə və birgə əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə BP şirkətinin regional prezidenti Q.Counza BANM-in Fəxri qonağı diplomunu təqdim edib.
Fəxri qonaq Q.Counz Ali Məktəbin rektoruna BP şirkəti ilə yaxın əməkdaşlığa görə, təşəkkür edərək bildirib ki, Azərbaycanda təhsilin inkişafına, o cümlədən neft və qaz mütəxəssislərinin yetişdirilməsinə dəstək BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətlərindən biridir. Q.Counz məmnunluqla qeyd edib ki, BP-nin 2017-cil ildə işə qəbul etdiyi neft və qaz ixtisaslı 13 mühəndisin 5-i BANM-in məzunudur, həmçinin yay təcrübəsi (interna) üçün seçdiyi 26 tələbənin 14-ü BANM-də təhsil alır.
Görüş zamanı Q.Counz həmçinin, BP şirkətinin Azərbaycandakı 25 illik fəaliyyətinin uğurlarından danışıb, şirkətin kadrların milliləşdirilməsi siyasətini və tələbə və məzunlara xüsusi proqramlar vasitəsilə yay təcrübəsi və karyera imkanları yaratdığını vurğulayıb.
Daha sonra o, liderlik haqqında öz maraqlı fikirlərini bölüşüb, əsl liderlik xüsusiyyətləri və liderliyə aparan yollar barəsində tələbələrlə səmimi diskussiya aparıb. 1981-ci ildən bugünə qədər BP-də çalışan Q.Counz tədbir iştirakçıları ilə öz karyera təcrübəsini paylaşıb və bu illər ərzində fəaliyyətinin əsas istiqamətlərindən danışıb. Olduqca interaktiv və səmimi keçən görüşün sonunda tələbələr Q.Counza onları maraqlandıran çoxsaylı suallar ünvanlayıblar.

BANM-in Mətbuat Xidməti



Oxşar xəbərlər