BANM və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadılıb

BANM və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadılıb Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin əməkdaşlıq etdiyi Heriot-Vatt Universitetinin (HVU) nümayəndələri ilə görüşüb.
BANM-də baş tutan görüşdə HVU-nin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə magistr proqramının direktoru Qreym Vayt, “Kimya mühəndisliyi” fakültəsinin dosenti, “Kömürün çıxarılması və saxlanması” üzrə innovasiyalar mərkəzinin rəhbəri Qreym Kolli, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.
Rektor Elmar Qasımov görüşdə HVU ilə əməkdaşlığın perspektivlərindən söz açaraq bu istiqamətdə atılmış addımların böyük uğur gətirdiyini bildirib. Görüş çərçivəsində əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı HVU-nin Ali Məktəbin tələbələrini təmin etdiyi proqram təminatından, proqramda yeniliklər və əlavələrdən danışılıb, proqram keyfiyyətinin qorunub saxlanılmasına dair addımlar müəyyənləşdirilib. Həmçinin cari ildə BANM-də HVU-nin proqramı əsasında fəaliyyətə başlayan magistratura şöbəsinin növbəti semestr proqramı təsdiq edilib və gələcək müdafiə işləri müzakirə edilərək öz həllini tapib.
Sonda prof. Qreym Vayt Elmar Qasımova tərəflər arasında əməkdaşlığın 2021-ci ilədək uzadılmasını əks etdirən sertifikat təqdim edib. Sertifikat BANM-in HVU-nin təsdiq olunmuş akademik proqramlarını tədris etmək hüququnu bir daha təsdiq edir.
Qeyd edək ki Böyük Britaniyanın nüfuzlu universitetlərindən sayılan Heriot-Vattla əməkdaşlıq edən BANM bakalavr və magistr pillələri üzrə kadrlar hazırlayır. Artıq ölkədə ingilis dilli, ixtisaslaşmış mühəndislər üzrə insan resurslarını transmilli şirkətlər xaricdə deyil, elə vətəndə - Bakı Ali Neft Məktəbində tapırlar.

İctimaiyyətlə əlaqələr şöbəsi



Oxşar xəbərlər