Əfqanıstan universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

Əfqanıstan universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov və bu ali təhsil müəssisəsinin müəllimlərinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) orta-ixtisas proqramları üzrə rəhbəri Həsən Aslami ilə görüşü keçirilib.
Görüşdə Bakı Ali Neft Məktəbi ilə Kabul Politexnik Universiteti arasında əməkdaşlığın yaradılması məsələləri müzakirə olunub. Tədbirdə “ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dosenti Fuad Hacıyev, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və BANM-in elektron tədris şöbəsinin rəisi Şərif Xurşudov iştirak ediblər.
Görüşdə E.Qasımov qeyd edib ki, BANM-də qəbul imtahanlarında ən yüksək nəticələr göstərmiş tələbələr təhsil alır. O deyib: “BANM ölkəmizdə texniki profilli yeganə təhsil ocağıdır ki, burada bütün fənlər azərbaycanlı müəllim və professorlar tərəfindən ingilis dilində tədris olunur”.
Rektor rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyət istiqamətləri, buradakı yeniliklər, dünyanın bir çox ölkələrində neft-qaz sektorunda fəaliyyət göstərən beynəlxalq şirkətləri və ən nüfuzlu universitetləri ilə hərtərəfli əməkdaşlıq, BANM-in müəllim və tələbələrinin uğurlarından söz açıb. O qeyd edib ki, BANM-in təhsil proqramı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin bakalavriat proqramları əsasında yaradılıb.
BANM-in Kabul Politexnik Universiteti ilə tərəfdaşlığının inkişafından danışan Elmar Qasımov bildirib ki, Əfqanıstan universitetləri ilə Azərbaycanın müvafiq ali məktəbi arasında əlaqələrin qurulması hər iki ölkənin maraqlarına cavab verir. Rektor qeyd edib ki, bu əlaqələrin hər iki tərəf üçün perspektiv imkanları barədə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili ilə BANM-də keçirilmiş görüş zamanı da müzakirələr aparılıb.
Rektor Elmar Qasımov qonaqları əfqan gənclərinin BANM-də təhsil almaq imkanları barədə məlumatlandırıb. Bildirilib ki, yeni kampusda uğurlu təhsil, rahat yaşayış və tələbələrin istirahəti üçün hər cür şərait yaradılıb. Burada, həmçinin qısamüddətli təhsil kursları və Bakıda fəaliyyət göstərən böyük neft-qaz şirkətlərində təcrübə keçmək imkanı var.
H.Aslami qeyd edib ki, BANM-in zəngin təcrübəsi, burada tədris prosesinin təşkili və milli mütəxəssislər və ekspertlərin köməyi ilə neft-qaz sənayesi üçün yüksək səviyyəli mühəndislərin hazırlanması Kabul Politexnik Universiteti və digər əfqan ali texniki məktəbləri üçün faydalı nümunə ola bilər. O bildirib ki, işlərin tezliklə gerçəkləşməsi üçün BANM-in təkliflərini Əfqanıstan Ali Təhsil Nazirliyi ilə müzakirə etmək niyyətindədir: “BANM-in qısa müddətdə əldə etdiyi nailiyyətlər bizi heyrətləndirdi və bu ali məktəblə sıx əlaqələr qurmaqda olduqca maraqlıyıq”.
Görüşdə, eyni zamanda, BANM ilə Kabul Politexnik Universiteti arasında gələcək əməkdaşlıq və konkret addımlar haqqında müzakirələr aparılıb.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər