Azərbaycan narının ixrac marşrutu - ABŞ, Kanada və daha haralar olacaq?

Azərbaycan narının ixrac marşrutu - ABŞ, Kanada və daha haralar olacaq? Azərbaycanda yetişən nar və istehsal olunan nar məhsulları daha çox MDB və Şərqi Avropa ölkələrinə göndərilir.
Bu barədə Təhsil-press.az-a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşı Boyukaga Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan narına daha çox tələbat var: "Nar və nar məhsullarının xarici bazarlara ixracında son illərdə artım var. Bu yaxınlarda Ərəb ölkələrində ixrac missiyası keçirildi və bir sıra müqavilələr bağlanıldı. Nar məhsulları ilin bütün aylarında ixrac olunur. Nar ixracı isə oktyabr ayından fevralın sonu - martın əvvəlinə kimi davam edir. Narın ixracı AZPROMO-nun dəstəyi ilə həyata keçirilir".
B.Mustafayev bildirib ki, hazırda təmsil etdiyi qurum Avropa bazarlarına çıxa bilmək üçün yeni sertifikatlar almağa səy göstərir: "Bu bazarlara sertifikat almaq bir qədər çətindir. Bu sertifikatları alaraq, Avropa, ABŞ və Kanada bazarlarına məhsullarımızı ixrac etməyi planlaşdırırıq".
Onun sözlərinə görə, Azərbaycanda narın qabığından da istifadə edilir: "Üzvlərimizdən biri olan şirkət gələn il istehsalat sahəsi tikəcək və orada nar qabığından məhsullar hazırlanacaq. Nar qabığı farmokologiya və kosmetologiya sahələrində istifadə olunur. Təkçə nar qabığı yox, həm də narın dənəsinin yağından istifadə olunur. İstehsal zamanı meyvənin heç bir hissəsi itkiyə getmir. Nar şirəsi, nar şərabı, narşərab, nar konsentrantı. Həmçinin, nar qabığı kənd təsərrüfatı işlərində istifadə olunur. Məsələn, heyvandarlıqda yem kimi. Nar qabığından məhsulların istehsal olunması tələb-təklif məsələsidir".
B.Mustafayev qeyd edib ki, Assosiasiyanın öz nar sahəsi olmasına baxmayaraq, sahibkarlardan da məhsul qəbul edilir: "Ağsu rayonunda 400 hektar nar bağımız var. Bununla yanaşı, əhalidən, fermerlərdən də nar alırıq. Əsasən, Ucar və Kürdəmir rayonlarından nar alınır".
Assosiasiya təmsilçisi bildirib ki, nar şərabı istehsalının çox yayılmamasının səbəbi onun xüsusi texnologiyasının olmasıdır: "Buna riayət etməyi hamı bacarmır. Şərab deyiləndə üzüm nəzərdə tutulur və artıq dünya bazarı üzüm şərabları ilə dolub. Bu, yeni və spesifik məhsul olduğu üçün ona həddindən artıq maraq var".
Qurum təmsilçisi deyib ki, dünyada narın müxtəlif sortları var: "Azərbaycanda daha çox tanınmış gülövşə və kral sortlarıdır. Azərbaycanda elə nar sortları var ki, digər ölkələrdə və bölgələrdə yetişən narlardan daha zəngin hesab olunur. Daha ciddi antioksidantlıdır. Tərkibində olan vitaminlərin və sululuğun miqdarı daha çoxdur. Baxmayaraq ki, dadı bir az turşdur, Azərbaycan narından sağlamlıq üçün istifadə olunması daha çox tövsiyə olunur".

Tehsil-press.az

Oxşar xəbərlər