GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI RESPUBLİKA ÜZRƏ İLİN ƏN YAXŞILARI SIRASINDA TƏLTİF EDİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI RESPUBLİKA ÜZRƏ İLİN ƏN YAXŞILARI SIRASINDA TƏLTİF EDİLİB Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 2017-ci il ərzində göstərdiyi xüsusi fəallığa görə respublikanın ali və orta ixtisas məktəbləri arasında 2 universitet və 1 kolleclə birgə “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə təltif edilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən “İlin tələbəsi” müsabiqəsinin qalibləri dekabrın 26-da mükafatlandırılıb
Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Bakı Biznes Mərkəzində keçirilən mükafatlandırma mərasimində çıxış edən ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov il ərzində təşkilatın reallaşdırdığı layihələrdən danışıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söz açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz, o cümlədən tələbələr tam şəkildə bəhrələnirlər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərlə iş sahəsində əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, üçüncü dəfədir ölkəmizdə gənclər sahəsi üzrə Dövlət Proqramı qəbul olunub. Əvvəlki təcrübədən yararlanaraq bu Dövlət Proqramında da gənclərin maraqları tam təmin edilib. Gənclərin inkişafının, onların dünyagörüşünün artırılmasının, beynəlxalq arenaya inteqrasiyasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu dövlət-gənclər siyasəti həyata keçirilir.
ATGTİ-nin reallaşdırdığı layihələrdən də danışan İ.Babayev qeyd edib ki, təşkilat il ərzində bir sıra yaddaqalan layihələr həyata keçirib. “Bugünkü mükafatlandırma mərasimi də belə layihələrdən birinin yekununa həsr olunub. Tələbə gənclər təşkilatları il ərzində məhsuldar fəaliyyətləri ilə fərqlənib. O cümlədən tələbələrimiz ölkəmizdə həyata keçirilən layihələrdə səmərəli fəaliyyətləri ilə seçiliblər”, – deyə nazir müavini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müsabiqəyə qatılan tələbələrin əksəriyyətinin Fondun reallaşdırdığı layihələrin iştirakçıları arasında olduqlarını bildirərək qeyd edib ki, bu gün Azərbaycanda yüksək intellektli, bilikli gənclər formalaşıb. Bu gənclər ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edir, yüksək nailiyyətlər qazanırlar. ATGTİ-nin həyata keçirdiyi bu müsabiqədə də məhz ən fəal tələbələr, tələbə gənclər təşkilatları seçiliblər.
Prezident Administrasiyasının əməkdaşı Kənan Firdovsioğlu çıxışında gənclər təşkilatlarının, o cümlədən tələbə gənclər təşkilatlarının, tələbələrin ölkəmizin ictimai-siyasi həyatında fəallığından danışıb, il ərzində gənclərlə bağlı bir sıra mühüm layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, ATGTİ-nin həyata keçirdiyi layihələrin tələbələrin həyatındakı önəminə də toxunub, müsabiqənin qaliblərinə uğurlar arzulayıb.
Sonra mükafatlandırma mərasimi olub.
Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin,Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Humanitar Kollecinin Tələbə Gənclər təşkilatları cari ildəki uğurlu fəaliyyətlərinə görə təltif ediliblər.
Təltifin əks olunduğu plaket və hədiyyələr Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tərəfindən Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədova təqdim olunub.
Həmçinin tələbə gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsində göstərdikləri xüsusi dəstəyə görə bir sıra dövlət qurumlarına, QHT və KİV nümayəndələrinə ATGTİ tərəfindən mükafatlar verilib.
Cari ildə ictimai və elmi fəaliyyətinə görə fərqlənən Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsi Ləman Cavadova “İlin tələbəsi” nominasiyası üzrə qalib elan olunub.
Sonda ATGTİ-nin həyata keçirdiyi layihələri il ərzində yüksək səviyyədə işıqlandırdıqlarına görə bir qrup jurnalist təşəkkürnamə ilə təltif edilib.

Mətbuat Xidməti


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI RESPUBLİKA ÜZRƏ İLİN ƏN YAXŞILARI SIRASINDA TƏLTİF EDİLİB

Oxşar xəbərlər