Bakı Şəhəri üzrə Təhsil İdarəsində Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Beynəlxalq Qadınlar Günü qeyd olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və xanım əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Məhəbbət Vəliyeva kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan idarə müdiri xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib. Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu söyləyən M.Vəliyeva xanımların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrini və cəmiyyətdə fəal mövqe tutmalarını yüksək qiymətləndirib.
Sonra kollektivin qadın üzvlərinə xoş arzularını bildirən BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində, cəmiyyətdə və ailədə milli mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.
Sonda Beynəlxalq Qadınlar Günü münasibətilə BŞTİ-nin xanım əməkdaşlarına hədiyyələr və fəxri fərmanları verilib.

Kəmalə Rəhimli

Oxşar xəbərlər