Bakıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının konfransı keçiriləcək

Bakıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının konfransı keçiriləcək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Bakıda aprelin 19-20-də keçiriləcək Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) konfransına ev sahibliyi edəcək.
“Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransda 20-dək ölkədən, o cümlədən Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edəcəklər.
Aprelin 19-da qonaqlar Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra konfrans işinə başlayacaq. ADNSU-nun rektoru, professor Mustafa Babanlının açılış nitqindən sonra konfrans iştirakçıları qarşısında UPBA-nın prezidenti Kaxa Şengeliya, Azərbaycan Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli çıxış edəcəklər.
Konfransda “Bilik transferinə müasir yanaşma: fənlərarası tədqiqat və təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı”, “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” mövzuları üzrə müzakirələr aparılacaq.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Lui Paster Universitetinin (Fransa) prorektoru, professor Filip Turek, Lihay Universitetinin (Pensilvaniya ştatı, ABŞ) dosenti, professor Cill Sperandio, BP şirkətinin xarici əlaqələr və strategiya üzrə vitze-prezidenti Bəxtiyar Aslanbəyli, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, “Microsoft Azerbaijan” şirkətinin təhsil üzrə layihə rəhbəri Emin Axundov, “Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının icraçı direktoru Sevinc Əmirova-Məmmədova, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo çıxış edəcəklər.
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq UNESCO-da məsləhətçi hüququna malikdir.

Hüseyn Şərifov

Oxşar xəbərlər