
Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Mir Cəlalın həyat və yaradıcılığından danışıb, təqdim olunan kitabları müasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib.
M.C.Paşayevin Firidun Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyini yenidən çapa hazırlamış T.Mütəllimov ustadı hesab etdiyi görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb.
“Mir Cəlal nəsri və müasirlik” kitabının müəllifi, professoru T.Salamoğlu əsər haqqında məlumat verib. Mir Cəlal nəsrinin özəlliklərindən, onun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən söz açıb.
H.Orucovun “Mir Cəlal dünyasından sətirlər” kitabı barədə danışan müəllifin qızı, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova bildirib ki, yeni nəşr dünyanın bir sıra dillərinə, o cümlədən qırğız dilinə də tərcümə olunub və qırğız ictimaiyyətinə təqdim edilib.
Sonra professorlar Himalay Qasımov, Əlizadə Əsgərli, İfrat Əliyeva, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, yubilyarın qızı, BDU-nun rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, professor Ədibə Paşayeva və digər çıxış edənlər Mir Cəlal irsindən ətraflı söz açıb, görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüblər.
Hikmət Əliyev


