“Nizami” layihəsinin Barcelona görüşü

“Nizami” layihəsinin Barcelona görüşü Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti İspaniyanın Barselona şəhərində “Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “Nizami” və “Erasmus+” layihələri çərçivəsində keçirilən növbəti görüşdə iştirak edib.
Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov və Beynəlxalq Əməkdaşlıq Departamentinin mütəxəssisi Aysel Musayevanın qatıldığı görüşdə layihənin keyfiyyət planı, milli portalın idarə edilməsi, kommunikasiya və menecment işçi paketləri üzrə müzakirələr aparılıb.
Sonda avropalı tərəfdaşlar layihə çərçivəsində Azərbaycan universitetlərində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparıb, təkliflər səsləndiriblər.
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və doqquz ali təhsil müəssisəsinin, eləcə də Avropanın beş aparıcı universitetinin iştirak etdiyi “Nizami” milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, ölkəmizdə doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada olan təsnifata uyğunlaşdırılmasıdır. 2015-ci ildə icrasına başlanılan layihənin ölkə üzrə əlaqələndiricisi Təhsil Nazirliyidir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər