“Heydər Əliyev: Azərbaycanın dünəni, bu günü, sabahı”

“Heydər Əliyev: Azərbaycanın dünəni, bu günü, sabahı” Ulu öndərin 95 illiyi elmi konfransla qeyd edilib
Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın dünəni, bu günü, sabahı” adlı elmi konfrans keçirilib.
Konransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb.
“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı çıxışında tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Diqqətə çatdırılıb ki, Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçirilən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir.
“Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993)” adlı çıxışında “Ümumi tarix” kafedrasının dosenti Ələkbər Cabbarlı bildirib ki, 1990-1993-cü illəri əhatə edən dövr Heydər Əliyevin Azərbaycan naminə mübarizə yolunda xüsusi yer tutur. Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilməsi və qaldırılması, 1990-cı ilin 20 yanvar faciəsinə siyasi qiymət verilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi barədə tarixi qərarlar çıxarılması, Yeni Azərbaycan Partiyasının yaradılması, ulu öndərin Azərbaycanın xilası naminə, xalqın tələbi və istəyi ilə Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi dahi siyasətçinin böyük siyasətə qaydışının əsasını qoydu.
Konfransda tələbələrin ulu öndərə həsr etdikləri şeirlər bədii qiraət olunub. Sonda Yeni Azərbaycan Partiyası sıralarına daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Hikmət Əliyev

Oxşar xəbərlər