Professor M.Babanlı: ADNSU “Tvinninq” layihəsinə qoşulmağa tam hazırdır

Professor M.Babanlı: ADNSU “Tvinninq” layihəsinə qoşulmağa tam hazırdır Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı yeni “Tvinninq” layihəsinin Avropa İttifaqı üzrə rəhbəri Bruno Curvale və Fransadan olan mütəxəssis Lisa Bydanova ilə görüşüb.
Görüşdə professor M.Babanlı universitetdə tədris, müvafiq layihəyə hazırlıq, həmçinin Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında məlumat verib.
“Tvinninq” layihəsinin ölkəmizdə təhsilin inkişafına verdiyi töhfələrdən danışan rektor ADNSU-nun layihəyə qoşulmağa tam hazır olduğunu və yeni layihənin Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Tvinninq” layihəsinin Avropa İttifaqı üzrə rəhbəri B.Curvale layihə çərçivəsində pilot universitetlərdən biri kimi ADNSU ilə intensiv işlərin aparılacağını və bu səbəbdən layihənin əlaqələndirilməsi üçün işçi qrup yaradılacağını bildirib.
Qeyd edək ki, ADNSU növbəti “Tvinninq” layihəsinin pilot universitetlərindən biridir. Bu layihə Avropa Komissiyası tərəfindən 1998-ci ildə irəli sürülən əməkdaşlıq proqramıdır. Layihənin məqsədi Avropa Ali Təhsil Məkanına inteqrasiya yolu ilə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir.

Hikmət Əliyev

Oxşar xəbərlər