Dövlət qulluğuna qəbul üçün imtahanda iştirak edən namizədlərdən 10-u uğur qazanıb

Dövlət qulluğuna qəbul üçün imtahanda iştirak edən namizədlərdən 10-u uğur qazanıb Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da inzibati icraçı vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak edən namizədlər haqqında bəzi statistik məlumatları açıqlayıb.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 45 nəfəri kişi, 8 nəfəri isə qadın olub. Namizədlərdən 19-u 30-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupu (35-59 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 17-si kişi, 4-ü isə qadındır. Yuxarı yaş intervalına aid namizədlərin 3-ü imtahanda uğur qazana bilib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 53 namizəddən 10 nəfəri (18,9 faiz) müvəffəqiyyət əldə edib. Belə ki, 45 kişidən 9 nəfəri, 8 qadından isə 1 nəfəri lazım olan balı toplayıb.
AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3 nəfərdən 1-i, AB üzrə 12 nəfərdən 2-si, AC üzrə isə 38 nəfərdən 7-si test imtahanından uğurla keçib.
Namizədlərin qeydiyyat ünvanlarına görə statistikasına nəzər salsaq, 27 rayon və şəhər üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərin olduğunu görə bilərik. Daha çox Bakı (24 nəfər) və Sumqayıt (6 nəfər) şəhər sakinləri qeydiyyatdan keçiblər.

Tehsil-press.az

Oxşar xəbərlər