Vyana Universitetində Azərbaycan dili fənni üzrə yekun semestr imtahanı keçirilib

Vyana Universitetində Azərbaycan dili fənni üzrə yekun semestr imtahanı keçirilib Vyana Universitetinin Şərqşünaslıq İnstitutunda tədris olunan “Azərbaycan dilinə giriş” fənni üzrə yekun semestr imtahanı keçirilib.
Mart ayından tədris olunan Azərbaycan dili fənni üzrə dərslərdə Şərqşünaslıq İnstitutunun Türkologiya fakültəsinin magistratura pilləsində təhsil alan, eləcə də institutun başqa fakültələrində, o cümlədən ərəb dili fakültəsində oxuyan və Azərbaycan dilini öyrənmək istəyən tələbələr iştirak edirlər. Tədris ilinin sonunda tələbələr Azərbaycan dili üzrə yazılı imtahan veriblər. Tədris proqramına daxil edilən və həftədə bir dəfə keçirilən Azərbaycan dili dərslərində əldə edilən yekun qiymətlər tələbələrin qiymət kitabçasına daxil edilir.
Vyana Universitetinin məzunu, filologiya üzrə fəlsəfə doktoru Yaqut Abdallanın tədris etdiyi dərslərdə Azərbaycan dilinin fonetikası, qrammatikası və leksikasının əsasları tədris olunur. Bununla yanaşı, semestr ərzində tələbələrə dərsdə Azərbaycan haqqında ümumi məlumat və həqiqətlər, ölkədə baş verən hadisələr və milli adət-ənənə haqqında geniş məlumat verilib. Eyni zamanda, Azərbaycan ədəbiyyatından söz açılıb, dinləyicilərə Azərbaycanın görkəmli şairləri Nizami Gəncəvi, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib, onların əsərlərindən parçalar təhlil edilib. Bundan əlavə dərsdə Azərbaycanın milli adət-ənənələri diqqət mərkəzində saxlanılıb, milli mədəniyyətinin bir hissəsi olan kəlağayı haqqında xüsusi məruzə təşkil edilib və bu haqda film nümayiş olunub. Bununla yanaşı, “Qayınana” filmi alman subtitrləri ilə nümayiş etdirilib və dərsdə müzakirə edilib, Azərbaycanın unudulmaz sənətkarları Nəsibə Zeynalova və Fuad Poladov, bəstəkar Tofiq Quliyev haqqında məlumat verilib.
Sonuncu dərsdə öyrəncilər Azərbaycan dili haqqında öz fikirlərini yazılı sürətdə bu fənni tədris edən Yaqut Abdallaya təqdim ediblər. Tələbələr bu dərsin çox maraqlı keçdiyini, tapşırıq və mətnlərin tədrisin məqsədinə uyğun olduğunu və bu dərsin gələcəkdə yalnız bir semestr deyil, bir neçə semestr tədris olunacağına ümid etdiklərini bildiriblər.
Azərbaycan dili ilə yanaşı gələcəkdə ədəbiyyatımız haqqında da ayrıca seminarın tədris proqramında təklif olunmasını arzu edən tələbələr, həmçinin Azərbaycan dilini öyrənmək istəyən əcnəbi tələbələr üçün peşəkar dərs vəsaitlərinə böyük ehtiyac duyulduğunu da qeyd ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər