Tvinninq layihəsi ölkəmizdə uğurla reallaşdırılır

Tvinninq layihəsi ölkəmizdə uğurla reallaşdırılır Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin İdarəetmə Komitəsinin birinci iclası olub.
İclasda Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə ekspertləri də iştirak ediblər.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev layihənin əhəmiyyətindən danışaraq, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonra layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin ölkəmizin ali təhsilinə verəcək töhfələrdən bəhs edib, layihə sayəsində ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da uyğunlaşacağına inamını vurğulayıb.
Tədbirdə layihənin Fransadan olan rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış ediblər. Birinci rübdə görülən işlərlə bağlı məlumat verilib, növbəti rüb ərzində planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.
Sonda komitə üzvləri tərəfindən növbəti iclasın noyabr ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Hikmət Əliyev


Oxşar xəbərlər