700 bal toplamış abituriyent: “Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu universitetidir”

700 bal toplamış abituriyent: “Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu universitetidir” Bu ilin qəbul imtahanında 700 bal toplayan Xəyal Fərzəliyev Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.
Həmin müsahibəni təqdim edir:
- Xəyal, özünüz haqda bir az danışın.
- Fərzəliyev Xəyal Vüqar oğlu. Şamaxı rayonunda, I Çaylı kəndində anadan olmuşam. 2007-ci ildə Xəzər rayonu 181 saylı orta məktəbdə birinci sinfə getmişəm. 2014-cü ildə Fizika-riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinə daxil olmuşam. 2017-ci il Respublika Fənn Olimpiadalarının medalçısı olmuşam. 11-ci sinfi qırmızı attestat və qızıl medalla bitirmişəm.
- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz?
- Bu uğuruma görə valideynlərimə və əməyi keçən bütün müəllimlərə təşəkkür edirəm.
- Niyə I qrupa üstünlük vermisiz?
- Çünki dəqiq elmlərlə uşaqlıqdan aram çox yaxşı idi. Bu sahə mənə daha asan və maraqlı gəlirdi.
- Xəyal, ali məktəblər arasında niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?
- BANM Azərbaycan universitetləri arasında qısa vaxt ərzində özünə böyük nüfuz qazanıb. O hazırda ölkənin ən nüfuzlu universitetidir. Bu universitetdə təhsil almaq üçün çox gözəl şərait yaradılmış və müasir avadanlıqlarla təmin olunmuşdur. Tələbələr həm də burada asudə vaxtlarını səmərəli keçirə bilərlər.
- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?
- Boş vaxtım olanda bədii ədəbiyyat oxuyuram, musiqi dinləyirəm. Ucadan şeir deməkdən xüsusi zövq alıram.
- Bəs BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?
- Mən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim. Səbəbi isə çox prestijli sahə olmasıdır. Həm də bu sahədə ölkəmə daha çox xeyir verə biləcəyimi fikirləşdim.
- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansıdır?
- Bir çox sahələr var ki, onlar hər zaman öz aktuallığını qoruyur: hüquq, tibb və müəllimlik. Lakin, məncə, kompüter və avtomatlaşdırma mühəndisliyi müasir dövrdə vacib və gələcəyi parlaq olan ixtisaslardır.
- Hansı xüssiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?
- Deyə bilmərəm, bunu zaman göstərəcək.
- BANM-ı bitirdikdən sonra planlarınız nədir?
- BANM-ı bitirdikdən sonra xarici universitetlərin birində magistratura təhsili almağı düşünürəm.
- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?
- Məncə, bu barədə danışmaq hələ tezdir.
- Ən çox hansı fənni və nə üçün sevmisiz?
Ən çox riyaziyyat fənnini sevirəm. Bəlkə də dəqiqliyinə görə.
- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?
- Uğur əldə etmək üçün ilk növbədə hədəf və mübarizə əzmi lazımdır. Və bu uzun prosesdə həmişə yanınızda sizə dəstək verən insanlar olmalıdır.
- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?
- Abituriyentlərə yox, daha çox şagirdlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar. Əzbərçiliyə deyil, məntiqi düşüncəyə daha çox üstünlük versinlər. Ən əsası isə, imtahanlara özlərini psixoloji cəhətdən yaxşı hazırlasınlar.

Hüseyn Şərifov

Oxşar xəbərlər