Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verilir

Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verilir Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü və bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxışında ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, ölkəmizdə müasir tələblərə cavab verən məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin inkişafına geniş imkanlar yaradıb.
Diqqətə çatdırılıb ki, bu il Qaradağ rayonu üzrə orta məktəbi 1257 nəfər bitirib, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 895 abituriyentin 67,4 faizi, yəni 604 nəfəri tələbə adını qazanıb, onlardan 42 nəfəri 600-dən çox bal toplayıb.
Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini vurğulayıb.
Tələbə adını qazanmış məzunlar gənclərin təhsilinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim Fəxri Fərmanla, bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış gənclər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Oktyabrın 4-də, həmçinin Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında icra hakimiyyəti və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin sədri Zümrüd Rzayeva, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova ölkəmizdə müəllim əməyinin yüksək qiymətləndirilməsindən, dövlətimizin təhsilə qayğısından söz açıblar, müəllimləri bayram münasibətilə təbrik ediblər.
Təhsildə fərqlənən qabaqcıl müəllimlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər