Məktəbəhazırlıq qruplarında məşğələlər yekunlaşıb

Məktəbəhazırlıq qruplarında məşğələlər yekunlaşıb Bakı şəhərindəki dövlət ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb.
Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrdan başlanır və mayın sonunda başa çatır. 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 263 ümumtəhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24129 uşaq məşğələyə cəlb olunub. 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün beşyaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə beşyaşlıların 65 faiz həddinə çatdırılıb.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlamasına, dərs prosesinə öncədən alışmasına, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasına nail olmaqdır.
Həftədə dörd gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərsləri tədris edilir. Gün ərzində üç dərs tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb olunacaq uşaqların sayı beşyaşlı uşaqların 75 faizini təşkil edəcək.

Kəmalə Rəhimli

Oxşar xəbərlər